Selim Güven: Azərbaycan bizim yerli bizneslərin inkişafı üçün yeni imkanlar yaratmağımıza yaxşı nümunədir
Bakı, 16 iyun, AZƏRTAC
Azərbaycan bizim yerli bizneslərin inkişafı üçün yeni imkanlar yaratmağımıza yaxşı nümunədir.
AZƏRTAC xəbər verir ki, bunu İslam İnkişaf Bankının “Davamlı regional inteqrasiya üçün halal iqtisadiyyat” mövzusuna həsr olunmuş Halal İqtisadiyyat Liderlik Forumu (HELF) və Azərbaycan Halal Biznes Forumu 2026-nın (AZHAB Forum) “Halal mikro, kiçik və orta müəssisələr və dayanıqlılıq: Yaşıl keçid, halal dəyər zəncirləri və inklüziv iqtisadi artım” adlı sessiyasında çıxışı zamanı “ACWA Power” şirkətinin Azərbaycan və Türkiyə üzrə ölkə meneceri Selim Güven deyib.
“Ötən il biz Qafqaz regionunda ən böyük külək elektrik stansiyalarından birini – 240 meqavat gücündə layihəni istifadəyə verdik. Bu layihə həm texnologiya, həm də miqyas baxımından region üçün ilk nümunələrdən biridir. Hazırda Azərbaycanda dəniz suyunun duzsuzlaşdırılması layihəsinin həyata keçirilməsi hüququnu əldə etmişik. Qazaxıstanda da analoji layihələr üzərində işləyirik. Azərbaycandakı ilk layihəmiz ölkənin bərpaolunan enerji proqramının ilkin mərhələsində həyata keçirilən pilot layihələrdən biri idi. Bu layihə Azərbaycan hökuməti ilə sıx əməkdaşlıq şəraitində uğurla reallaşdırılıb. Layihənin ümumi dəyəri təxminən 750 milyon dollardır. Ötən ilin sonunda, vaxtında tamamlanan layihə ilk mərhələ fəaliyyət göstərir və tamamilə bərpaolunan enerji hesabına elektrik enerjisi istehsal edir”, - deyə o qeyd edib.
Selim Güven bildirib ki, belə layihələr yeni texnologiyalar gətirir: “Bəzən lazımi bacarıqlar və təchizat zəncirləri ilkin mərhələdə mövcud olmur. Məhz buna görə biz yerli şirkətlərlə işləməyə, onların bacarıqlarının artırılmasına və təchizat zəncirlərinə inteqrasiyasına xüsusi diqqət yetiririk. Bizim yanaşmamız yalnız biznesdən-biznesə deyil, həm də uzunmüddətli tərəfdaşlıq və yerli iqtisadiyyatın inkişafına əsaslanır. İnvestorların fəaliyyətini dəstəkləyən, onlara düzgün istiqamət göstərən və əməkdaşlıq üçün əlverişli platforma yaradan institutların formalaşdırılması vacibdir. Belə bir ekosistemlər həm xarici investorlar, həm də yerli sahibkarlar üçün uzunmüddətli fayda yaradır və dayanıqlı iqtisadi inkişafı təmin edir”.
Fotoqraf - İlkin Cavanşirov