Azərbaycan ekoloqları peşə bayramlarını qeyd etmişlər
Bakı, 23 may (AZƏRTAC). Mayın 23-ü Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) işçilərinin peşə bayramıdır.
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ümummilli lider Heydər Əliyevin 2001-ci il 23 may tarixli Fərmanı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradılmışdır. 23 may - Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı isə Prezident İlham Əliyevin 2007-ci il 16 may tarixli Sərəncamı ilə təsis olunmuşdur.
AZƏRTAC xəbər verir ki, bununla əlaqədar nazirliyin əməkdaşları mayın 23-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşlar.
Ekoloqlar görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də güllər düzmüşlər.
Sonra nazirliyin əməkdaşları Şəhidlər xiyabanına gələrək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə tər çiçəklər düzmüş, “Əbədi məşəl” abidəsinin önünə əklil qoymuşlar.
Daha sonra ETSN-də keçirilən tədbirdə çıxış edən ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov ətraf mühitin mühafizəsi üzrə milli fəaliyyət proqramından, meşələrin salınması və mühafizəsi, milli parkların təşkili istiqamətində görülən işlərdən danışmış və ekoloqları bayram münasibəti ilə təbrik etmişdir.
Meşələrin qorunmasında hələ də problemlərin olduğunu diqqətə çatdıran nazir bildirmişdir ki, buna baxmayaraq bu sahədə müsbət tendensiya özünü göstərməkdədir. Görülmüş tədbirlər nəticəsində ölkəmizdə meşə örtüyünün sahəsi 1,4 faizdən 1,8 faizə qədər artmışdır.
Qeyd edilmişdir ki, indiki və gələcək nəsillərin sağlamlığının təmin edilməsi, iqtisadi potensialın qorunması, təbii ehtiyatlardan səmərəli istifadə edilməsi nazirliyin qarşısında duran başlıca vəzifələrdir.
Ölkəmizdə bütün sahələrdə olduğu kimi, ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpa edilməsi istiqamətində mühüm işlər görüldüyü, ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa, meşələrin bərpa edilməsi və artırılmasına dair milli proqramların uğurla yerinə yetirildiyi qeyd edilmişdir. Bildirilmişdir ki, beynəlxalq ekoloji proqramların həyata keçirilməsi, təbii sərvətlərin bərpasının təmin edilməsi, milli parkların və ekoloji şəbəkənin yaradılması istiqamətində görülən işlər davam etdirilir.
Ekoloqları peşə bayramı münasibəti ilə təbrik edən Milli Məclisin sədrinin müavini Valeh Ələsgərov onların əməyini yüksək qiymətləndirmişdir. Bildirilmişdir ki, nazirliyin əməkdaşları ümummilli lider Heydər Əliyevin ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən dayanıqlı istifadə olunması ilə bağlı müəyyənləşdirdiyi siyasəti Prezident İlham Əliyevin rəhbərliyi altında daha da uğurla icra edərək üzərilərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlmişlər.
Digər çıxış edənlər də son vaxtlar ölkəmizdə ekoloji tarazlığın qorunması istiqamətində uğurların əldə olunmasına görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Yığıncaqda bir qrup ekoloqa ETSN-in fəxri fərmanları və pul mükafatları təqdim olunmuşdur.
Sonda yığıncaq iştirakçıları adından dövlətimizin başçısına müraciət qəbul edilmişdir.