Azərbaycan “EMİTT-2012” Beynəlxalq turizm sərgisində uğurla təmsil olunmuşdur
Bakı, 17 fevral (AZƏRTAC). Türkiyənin İstanbul şəhərində “EMİTT-2012” Beynəlxalq turizm sərgisi keçirilmişdir.
Sərgidə dünyanın 60-dan artıq ölkəsindən turizm, səyahət və asudə vaxtın təşkili sahəsində fəaliyyət göstərən 900-ə yaxın şirkət iştirak etmişdir. Ümumilikdə, builki sərgiyə 4 500 iştirakçı qatılmışdır.
Beynəlxalq sərgidə Azərbaycanı Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsinin müdiri Aydın İsmiyevin rəhbərliyi ilə geniş nümayəndə heyəti təmsil etmişdir.
Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, 2012-ci ildə ölkəmizin iştirak etdiyi sayca beşinci beynəlxalq sərgidə Azərbaycanın turizm potensialı 60 kvadratmetrlik sahədə qurulmuş xüsusi pavilyonda nümayiş etdirilmişdir.
Azərbaycan pavilyonunda “Geo Travel”, “Millennium Tourism and Congress DMC”, “Terra Travel”, “Billur Tour”, “Regea Travel”, “The Tour”, “Lake Palace”, “Green travel” və “Sky travel” şirkətlərinin xidmətləri təklif olunmuşdur. Həmin şirkətlər Türkiyənin yerli və xarici turizm şirkətləri ilə turist mübadiləsinə dair danışıqlar aparmış, gələcək əməkdaşlığın perspektivlərini müzakirə etmişlər.
Sərgi zamanı “Geo Travel” 44 xarici şirkət ilə danışıqlar aparmış, “Millennium Tourism and Congress DMC” şirkəti 4 şirkət ilə müqavilə bağlamış, 6 şirkətlə isə müqavilə yenilənmişdir. “Terra Travel” şirkəti 80-ə yaxın xarici turizm şirkətləri ilə müzakirələr aparmışdır, “Billur Tour” şirkəti isə 130-a yaxın şirkətlə müqavilə bağlamışdır, “Regea Travel” şirkəti 1 fransız, 11 türk şirkəti ilə müqavilə imzalamışdır.
Sərgi müddətində ölkəmizin turizm potensialını təbliğ edən ingilis dilində müxtəlif reklam-çap məhsulları Azərbaycan pavilyonuna gələn ziyarətçilərə paylanılmışdır.
Sərginin açılış mərasimində iştirak edən Türkiyənin mədəniyyət və turizm naziri Ərtoğrul Günay Azərbaycan pavilyonuna baxmışdır.
Sərginin davam etdiyi günlərdə Azərbaycan nümayəndə heyətinin üzvləri Türkiyənin “İpekyolu media”, “World Travel Channel” televiziya kanallarına müsahibələr vermişlər. Müsahibələrdə Azərbaycanın turizm potensialı, bu sahədə Avropa ölkələri ilə əməkdaşlığın perspektivləri, son illər ərzində ölkəmizdə turizm sektorunun inkişafı barədə məlumat verilmişdir. Bundan əlavə, sərgi zamanı “TRT”, “TGRT” və “Kanaltürk” televiziya kanalları tərəfindən sərgidə iştirak edən Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının ifasında milli rəqslərimiz canlı yayımlanmışdır.
Həmçinin “EMİTT-2012” Beynəlxalq turizm sərgisində “Eurovision-2012” mahnı müsabiqəsinin təbliği həyata keçirilmiş, pavilyonumuza gələn ziyarətçilərə yarışma ilə əlaqədar məlumat verilmiş və qonaqların sualları cavablandırılmışdır.
Sərginin sonunda müxtəlif nominasiyalarda keçirilmiş müsabiqədə Azərbaycan “EMİTT sərgisində davamlı iştirakçı dövlət” nominasiyasında qalib adına layiq görülmüşdür.