İQTİSADİYYAT
Azərbaycan enerji ixracında perspektivlərə sürətlə hazırlaşır
![Azərbaycan enerji ixracında perspektivlərə sürətlə hazırlaşır](/files/2023/1/1200x630/16762831923113164499_1200x630.jpg)
Bakı, 13 fevral, AZƏRTAC
Enerji müstəqilliyi milli təhlükəsizliyin mühüm tərkib hissəsidir. Ulu Öndər Heydər Əliyevin səyi və rəhbərliyi ilə Mingəçevirdə 1981-ci ildə istismara verilən Azərbaycan İstilik Elektrik Stansiyası o zaman və bu gün üçün də regionun ən böyük elektrik stansiyasıdır. Bu stansiya 1981-ci ildən başlayaraq bu günə qədər ölkəmizin elektrik enerjisi təchizatında mühüm yerə və rola malikdir. Təsadüfi deyil ki, Vətən müharibəsi dövründə Ermənistanın hədəf aldığı əsas infrastruktur obyektlərimizdən biri də məhz bu stansiya idi.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında komitə sədri Tahir Mirkişili deyib.
Komitə sədri bildirib ki, Mingəçevirdə güclü elektroenergetika infrastrukturu yaradılıb. 2018-ci ildə baş verən qəzadan sonra Prezident İlham Əliyevin tapşırığı ilə stansiyada əsaslı yendənqurma işləri aparılıb. 2022-ci ildə ölkəmizdə istehsal olunan 29 milyard KVt/saat elektrik enerjisinin 93 faizi istilik elektrik stansiyalarında istehsal edilib. Ötən il 3 milyard KVt/saat enerji ixrac edilib. Bu gün, məhz “Heydər Əliyev İli”ndə Mingəçevirdə gücü 1280 MVt olan yeni istilik elektrik stansiyasının təməlinin qoyulması vaxtilə Ulu Öndər Heydər Əliyev tərəfindən başladılan yolun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi deməkdir.
Tahir Mirkişili qeyd edib ki, eyni zamanda, bu stansiyada tətbiq olunacaq texnologiya az qaz həcmi ilə yüksək iş məhsuldarlığı əldə etməyə imkan yaradacaq. İnvestisiya planına görə bir neçə il ərzində yatırılan vəsaitin geri qayıtması layihənin kifayət qədər uğurlu olacağından xəbər verir. Son zamanlar ölkəmizin elektrik enerjisi ixracını artırması ilə bağlı həyata keçirilən layihələr Azərbaycanın enerji ixracında perspektivlərə sürətlə hazırlaşmasından xəbər verir. Enerjiötürücü infrastruktura investisiyalar, partnyor ölkələrin sayının durmadan çoxalması, Azərbaycanın praqmatik siyasətinə etibarın artması, dövlətimizin başçısının geniş və uğurlu iqtisadi siyasəti Azərbaycanın elektrik enerjisi istehsalı və ixracından böyük gəlirlər əldə etməsinə imkan verəcək.