Azərbaycan gəncləri Sankt-Peterburqda “Xocalıya ədalət” aksiyası çərçivəsində konfrans keçirmişlər
Bakı, 28 fevral (AZƏRTAC). Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) regional bölməsi Sankt-Peterburqda “Xocalıya ədalət” aksiyası çərçivəsində konfrans keçirmişdir.
AZƏRTAC RAGT regional bölməsinin mətbuat xidmətinə istinadla xəbər verir ki, tədbirdə 150-yə yaxın azərbaycanlı tələbə, o cümlədən dövlət xətti ilə təhsil alanlar, ezamiyyətdə olan Azərbaycan hərbçiləri, habelə başqa millətlərdən olan məktəblilər iştirak etmişlər. RAGT fəallarının məruzələrində Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Əməkdaşlıq Təşkilatı gənclər forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” kampaniyası çərçivəsində fəal təbliğat işi aparılması vurğulanmışdır. Tədbir iştirakçıları Xocalı soyqırımına öz münasibətlərini bildirmiş və bu cür aksiyaların hər il keçirilməsi qərara alınmışdır.
Tədbirin sonunda Azərbaycan Respublikasının Sankt-Peterburqdakı baş konsulu Qüdsi Osmanov çıxış etmişdir. O, tədbirin bütün iştirakçılarına təşəkkürünü bildirərək qeyd etmişdir ki, onların burada iştirakı bu gənclərin yüksək fədakarlığına və öz tarixinə hörmətlə yanaşmasına dəlalət edir. O, gəncləri Azərbaycan tarixinin faciəli səhifələrinin öz yaşıdları və tələbə yoldaşları arasında təbliğatında daha fəal iştirak etməyə çağıraraq demişdir ki, baş konsulluq bu işdə onlara hər cür dəstək verməyə hazırdır.
Tədbir iştirakçıları “Xocalıya ədalət” kampaniyasını dəstəkləyən imzalar toplamaq və sonradan həmin imzaları Sankt-Peterburq Qanunverici Məclisinə göndərmək barədə qərar qəbul etmişlər. Bu aksiya ümumrusiya xarakteri daşıyır.
Əlamətdar haldır ki, bu aksiyaya məhz Rusiyanın şimal paytaxtında start verilmişdir. Xocalı faciəsinin soyqırımı kimi tanınması təklifini təxminən 100 nəfər imzalamışdır.