Azərbaycan gənclərinin IX Forumuna yekun vurulub
Bakı, 25 dekabr, AZƏRTAC
Azərbaycan gənclərinin onlayn formatda keçirilən IX Forumu başa çatıb.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ötən üç il ərzində görülmüş işlərin hesabatını dinləmək, növbəti üç il üçün konsepsiyanı işləmək və təkliflər səsləndirmək məqsədilə keçirilən forum Vətən müharibəsinə həsr olunmuş videoçarxın nümayişi ilə başlayıb.
Daha sonra Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib və dövlət himni səsləndirilib. Sonra Azərbaycan gənclərinin VIII Forumundan ötən müddətdə ölkəmizdə gənclər sahəsində həyata keçirilən tədbirlər barədə hazırlanan videoçarx nümayiş etdirilib.
Tədbirdə çıxış edən Gənclər və İdman nazirinin müavini İntiqam Babayev IX Forumun ölkəmiz üçün əlamətdar tarixdə - Böyük Qələbəmizin qeyd olunduğu ildə keçirilməsinin xüsusi önəm daşıdığını bildirib. Nazir müavini qeyd edib ki, 2020-ci ildə gənclərimizin qazandığı ən böyük uğur Vətən müharibəsində göstərdikləri şücaət və Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazandığı tarixi qələbədir. Bildirilib ki, ötən konfransdan keçən müddətdə Gənclər və İdman Nazirliyi tərəfindən 241-i yerli, 33-ü beynəlxalq miqyaslı olmaqla 274 tədbir təşkil edilib. Ötən il 1308, 2020-ci ildə isə 95 əcnəbi gənc nazirliyin həyata keçirdiyi tədbirlərdə iştirak etmək üçün ölkəmizə səfər edib. Beynəlxalq əlaqələrin inkişafı, müxtəlif layihələrdə iştirak etmək üçün 2019-cu ildə 206, 2020-ci ildə isə 14 gənc xaricə ezam olunub.
Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin sektor müdiri Həmid Nəsibov, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədr əvəzi, Milli Məclisin deputatı Ramin Məmmədov, Gənclər Təşkilatları Milli Şurasının sədri Azər Əliyev, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Pərviz Mirələmli və region gəncləri adından alim, hərbçi, qazi, həkim, yaradıcı gənclər çıxış edərək ölkəmizdə gənclər sahəsində həyata keçirilmiş tədbirlərdən söhbət açıb, perspektivlərdən danışıblar.
Forumun davamında iştirakçılar “Azərbaycanın yeni tarixinin yaradıcısı”, “Gənclərin vətənpərvərlik tərbiyəsində yeni mərhələ”, “Böyük Qayıdışda gənclərin vəzifələri”, “Gənclərin sağlamlığı - xalqın sağlamlığı” mövzuları ətrafında çıxış ediblər.
Yekunda tədbirin qətnaməsi və IX Forum iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul edilib.
Qeyd edək ki, gənclərin geniş iştirakını təmin etmək məqsədilə Forum ənənəvi olaraq iki mərhələdə keçirilib. Belə ki, dekabrın 2-18-də zona toplantıları, dekabrın 24-də isə Respublika toplantısı baş tutub.