Azərbaycan Geologiya Muzeyinin fondunda 12 mindən çox eksponat var
Bakı, 15 fevral, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tərkibində fəaliyyət göstərən Azərbaycan Geologiya Muzeyi 1969-cu ildə Azərbaycan Geologiya İdarəsinin nəzdində yaradılıb. Muzey görkəmli geoloq İvan Sitkovskinin şəxsi kolleksiyası bazasında təşkil edilib. İ.Sitkovski muzeyin ilk direktoru olub. 1969-cu ildən etibarən geoloqların elmi tədqiqat işləri zamanı tapdıqları müxtəlif daşlar sistemləşdirilərək xüsusi bölmələrə yerləşdirilib. Muzeyin 6 bölməsi var. Regional geologiya bölməsində respublikanın ümumi geoloji quruluşu, faydalı qazıntıları haqqında məlumat verilir. Mineral-xammal bazasında Azərbaycan Respublikası ərazisindəki bərk filiz və qeyri-filiz yataqları haqqında ümumi məlumat almaq olar. Bir çox yataqlar haqqında stendlər, o yataqlardan götürülmüş filiz nümunələri xüsusi vitrinlərdə göstərilir.
Petroqrafiya dağ süxurlarının tərkibini, əmələ gəlməsini, genezisini öyrənən bölmədir. Bu bölmədə Azərbaycan ərazisində yayılmış bütün dağ süxuru növləri nümayiş etdirilir. Mineralogiya bölməsində ekspozisiyanın əsasını respublikamızın ərazisindən yığılmış minerallar və kolleksiyanı mümkün qədər tamamlamaq üçün dünyanın bir çox regionlarından mübadilə yolu ilə gətirilmiş nümunələr təşkil edir. Minerallar çox olduğu üçün onlar bir sistemlə təsnifata əsasən bölünmüş vitrinlərdə yerləşdirilib. Paleontologiya bölməsində qədim dövrdən müasir dövrə qədər məhv olmuş bitki və heyvan qalıqları saxlanılır. Fototeka bölməsində respublikanın geoloji cəhətdən maraqlı guşələrini, faydalı qazıntı yataqlarını, daş karxanalarını təsvir edən panoramalar və görkəmli geoloq alimlərin portretləri nümayiş etdirilir.
Bu barədə AZƏRTAC-a Azərbaycan Geologiya Muzeyinin direktoru Xalid Mirzəbəyov məlumat verib.
Bildirilib ki, muzeyin fondunda 12 mindən çox nümunə var, lakin onlardan 6 mini nümayiş olunur. Ən qədim süxurlar Kembriyə qədərki süxurlardır və 250 milyon il yaşı var. Ən cavan yəni, müasir dövr süxurları IV dövrə aid olanlardır. Azərbaycanda Kembriyə qədərki qədim süxurlara Naxçıvan MR-də və Şəmkirdə rast gəlinir. Qalan ərazilərdə yura, təbaşir, III və IV dövr süxurları geniş yayılıb. Muzeydə təkcə Azərbaycandan deyil, keçmiş SSRİ-dən və demək olar ki, dünyanın hər yerindən eksponatlar var. Belə nümunələr ən çox mineralogiya, petroqrafiya bölmələrindədir. Burada Antarktidadan, Sakit okeandan, Kola yarımadasından, Uzaq Şərqdən, Afrikadan, Cənubi Amerikadan eksponatlar toplanıb.
Geoloji nümunələr daimi olsa da sistematik olaraq kolleksiya tamamlanır, yeni tapıntılar olduqca muzeyə yerləşdirilir. Mis filizi, kükürd filizi kimi elə nümunələr var ki, oksidləşib sıradan çıxır. Ona görə də onlar yenilənir. Qalan nümunələrin isə yenilənməsinə ehtiyac yoxdur.
2016-cı ildə muzeyi 800 nəfər ziyarət edib. Burda sərgilənən eksponatlara məktəblilər və tələbələr tərəfindən xüsusi maraq göstərilir. Bununla yanaşı, muzeyə xarici turistlər də gəlir.