AZƏRBAYCAN GİMNASTI ZEYNƏB CAVADLI QRAN-PRİ FİNALINDA BEŞİNCİ YERİ TUTMUŞDUR
Azərbaycanlı gimnast Zeynəb Cavadlı Bratislavada bədii gimnastika üzrə Qran-pri yarışlarının final mərhələsində 5-ci yeri tutmuşdur. Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətində AZƏRTAC-a bildirmişlər ki, Zeynəb bu nəticəyə finalda halqa ilə çıxışda nail olmuşdur. Həmyerlimiz ip ilə hərəkətlərin finalında 7-ci, mütləq çoxnövçülükdə isə 8-ci yeri tutmuşdur.
Digər azərbaycanlı gimnastlar - Anna Qurbanova və Aliyə Qarayeva İtaliyanın Dezio şəhərində bu ölkənin klub çempionatının ikinci mərhələsində iştirak etmişlər. Anna Qurbanovanın təmsil etdiyi Komo şəhərinin “Komense-1972” klubu 4-cü yeri tutmuşdur. İki dəfə xalça üzərinə çıxmış həmyerlimiz halqa və gürzlə hərəkətlər nümayiş etdirmişdir. Halqa ilə hərəkətlərdə Anna təkcə öz komandasında deyil, bu növ üzrə bütün rəqibləri arasında ən yüksək nəticə göstərmişdir.
Paduya şəhərinin “Ardor” klubunun bayrağı altında çıxış edən Aliyə Qarayeva isə yalnız gürzlə hərəkətlər nümayiş etdirmişdir. O, öz komandasında ən yüksək, bütövlükdə isə ukraynalı Anna Bessonovadan sonra 2-ci nəticə göstərmişdir. Qarayevanın təmsil etdiyi klub hələlik çempionatda 9-cu yerdədir. Çempionatın final ərəfəsində 3-cü turu noyabrın 22-də Ad Aretso şəhərində keçiriləcəkdir.
Bundan bir həftə əvvəl - noyabrın 15-16-da isə Bakıda bədii gimnastika üzrə Azərbaycan birinciliyi və şəhər çempionatı keçiriləcəkdir. Respublika paytaxtındakı Olimpiya İdman Kompleksində keçiriləcək yarışlarda 80 idmançı, o cümlədən Gəncədən 8 gimnast çıxış edəcəkdir. Yarışların qalibləri və mükafatçıları dörd yaş qrupunda (1993-1995-ci, 1996-cı, 1997-1998-ci və 1999-2001-ci illərdə doğulmuş idmançılar arasında) müəyyən ediləcəkdir.