İDMAN
AZƏRBAYCAN GİMNASTİKA FEDERASİYASININ NÜMAYƏNDƏLƏRİ FİG VƏ UEG KOMİTƏLƏRİNDƏ TƏMSİL OLUNMALIDIRLAR
MOK-un baş katibi AGF-nin fəaliyyətinə yüksək qiymət verərək vurğulamışdır ki, məhz bunun sayəsində Bakı bu il aprelin 24-25-də planetin ən güclü gimnastlarını Dünya Kuboku uğrunda yarışların növbəti mərhələsində yenə də qəbul edəcəkdir. A. Abiyev demişdir: “Sevindirici haldır ki, Azərbaycan idmançısı Dinara Gimatova da onların arasındadır. Afinada keçiriləcək Olimpiya oyunlarına lisenziya almış Dinara ötən il bütün dünyada ad çıxartdı. Onun Bakıda Dünya Kuboku yarışlarının növbəti mərhələsində və Macarıstanda dünya birinciliyində uğurlu çıxışları buna sübutdur. Buna görə də təsadüfi deyildir ki, o, 2003-cü ilin ən yaxşı on idmançısı siyahısına daxil edilmişdir. Azərbaycan İdman Jurnalistləri Assosiasiyası isə Dinara Gimatovanı qadınlar arasında 1 nömrəli idmançı adlandırmışdır”.
MOK-un baş katibi belə bir faktı da da xüsusi vurğulamışdır ki, Azərbaycanın olimpiya yığma komandasının heyətində idmanın ənənəvi güləş, atıcılıq və ağır atletika növləri ilə yanaşı, qədim Ellada torpağında ilk dəfə bədii gimnast da görəcəyik. İnanıram ki, bu ənənə 2008-ci ildə Pekində yay Olimpiya oyunlarında da, 2012-ci il Oyunlarında da davam etdiriləcək və Azərbaycan həm bədii gimnastikada, həm də idman gimnastikasında tam heyətdə təmsil olunacaqdır”.