AZƏRBAYCAN HƏR SAHƏDƏ ƏMƏKDAŞLIQ ÜÇÜN BÖYÜK POTENSİALA MALİKDİR
Aprelin 11-də Azərbaycan Respublikasının baş naziri Artur Rasizadə ölkəmizdə səfərdə olan Yunanıstan xarici işlər nazirinin müavini Andreas Loverdosun rəhbərliyi ilə nümayəndə heyətini qəbul etmişdir.
Nazirlər Kabinetinin mətbuat mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, baş nazir Artur Rasizadə müstəqil Azərbaycanın Avropa ölkələri, o cümlədən Yunanıstanla siyasi-iqtisadi, elmi-mədəni əlaqələrə xüsusi diqqət yetirdiyini vurğuladı. İqtisadi, sənaye və texnoloji əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın işini təqdir edən baş nazir bildirdi ki, yeyinti, emal, maşınqayırma, səhiyyə, nəqliyyat, turizm və digər sahələrdə əməkdaşlıq üçün Azərbaycanda böyük potensial mövcüddur və səmərəli fəaliyyət nəticəsində iqtisadi əlaqələrimiz daha da genişlənə bilər. Daha sonra Yunanıstanın beynəlxalq təşkilatlarda daim ölkəmizi dəstəklədiyini məmnunluqla xatırladan baş nazir Artur Rasizadə Ermənistanın hərbi təcavüzü nəticəsində yaranmış bir milyondan çox qaçqın və məcburi köçkün faktını dünyada oxşarı olmayan hal kimi dəyərləndirdi və bunun ölkə iqtisadiyyatı üçün gərginlik yaratdığını nəzərə çatdırdı. Lakin buna baxmayaraq o, respublikamızın qüdrətli iqtisadi potensiala və parlaq gələcəyə malik olduğunu, Prezident Heydər Əliyevin apardığı ardıcıl və məqsədyönlü siyasi kurs nəticəsində tezliklə problemlərimizin aradan qalxacağına inamını ifadə etdi.
Yunanıstan hökumətinin Azərbaycanla hərtərəfli əməkdaşlığa xüsusi maraq göstərdiyini vurğulayan Andreas Loverdos Bakıda keçirdiyi görüşlər barədə baş nazirə ətraflı məlumat verdikdən sonra, səfərinin əsas məqsədini açıqladı. O qeyd etdi ki, Prezident Konstantinos Stefanopulosun respublikamıza nəzərdə tutulan səfərinə hazırlıqla bağlı danışıqlar aparmaq, habelə ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafına təkan vermək məqsədilə yaradılmış birgə komissiyanın ilk iclasında iştirak etmək üçün respublikamıza gəlmişdir. O, komissiyanın işinin yekunu kimi əməkdaşlıq haqqında sənəd imzalanacağını xatırladaraq bildirdi ki, eyni zamanda ölkəyə sərmayə qoyuluşunun və digər iqtisadi işbirliyinin hüquqi bazasını genişləndirmək məqsədilə prezidentlərin görüşündə imzalanması nəzərdə tutulan bir neçə saziş üzərində də iş aparılmışdır. Sonda cənab Andreas Loverdos Yunanıstan dövlətinin Azərbaycana bir sıra istiqamətlər üzrə yardım proqramları həyata keçirəcəyini qeyd etdi.
Görüşdə qarşılıqlı maraq doğuran bəzi məsələlər ətrafında da fikir mübadiləsi aparıldı.
Yunanıstanın ölkəmizdəki səfiri Merkurios Karafotias qəbulda iştirak edirdi.