Azərbaycan İlahiyyat İnstitutunda seminar: “İslamda ebru sənəti”
Bakı, 25 fevral, AZƏRTAC
Fevralın 25-də Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “İslamda ebru sənəti” mövzusunda seminar keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, seminarı açan Aİİ-nin islamşünaslıq kafedrasının müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Əhməd Niyazov Aİİ-də tələbələrin intellektual səviyyəsinin, mənəvi dünyasının zənginləşdirilməsi, elmi axtarışlara sövq edilməsi, vətənpərvərlik hisslərinin gücləndirilməsi istiqamətlərində keçirilən tədbirlərdən söz açıb.
İnstitutda ötən dövr ərzində maarifləndirmə yönündə xeyli iş görüldüyünü qeyd edən Ə.Niyazov mövzunun əhəmiyyətinə toxunaraq, Aİİ-nin təhsilin keyfiyyətinə xüsusi önəm verməklə yanaşı, tələbələrin sosial həyatının səmərəli təşkili üçün də səylə çalışdığını bildirib.
Ə.Niyazov qeyd edib ki, ölkəmizdə bütün ənənəvi dinlərə, o cümlədən İslam dininə, İslam mədəniyyətinə dövlət tərəfindən qayğı və diqqət göstərilir. Ölkəmiz uzun əsrlərdən bəri İslam sivilizasiyasının əsas mərkəzlərindən biri olmaqla yanaşı, İslam dininin yayılmasında da mühüm rol oynayıb. Azərbaycanda 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunması multikulturalizmin, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun güclənməsinə, İslam dəyərlərinin, həmçinin milli təsviri sənətimizin dünyada təbliğinə böyük töhfələr verib.
Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun bərpa laboratoriyasının elmi işçisi Zaur Orucov “İslamda ebru sənəti” mövzusunda çıxış edərək bildirib ki, dövründən və məkanından asılı olmayaraq, insan övladı hər zaman möhtəşəm əsərlər meydana gətirib.
Zaur Orucov İslam incəsənətinin təzhib, xətt, miniatür və ebru kimi sahələrinin yaranması, tarixi inkişafı və müxtəlif növləri haqqında geniş məlumat verib. Su üzərində rəsm sənəti kimi böyük şöhrət qazanmış ebrunun tarixindən danışıb. O, ebruda istifadə olunan bütün boyaların torpaqdan əldə edildiyini, bir ebrunun yalnız bir dəfə düzəldiyini nəzərə çatdırıb.
Seminarda qeyd edilib ki, ebru sənətinin bir neçə növü var. Bunlardan ən məşhuru sənətkarın adı ilə bağlı olan Battal üsuludur. Vaxtilə bu üsuldan əsasən xəttatlıqda yazıların fonunda, uluların, peyğəmbərlərin sözlərinin yazılışında istifadə olunub.
Sonra mövzu ətrafında müzakirələr aparılıb.
Qeyd edək ki, ebru cığatay dilində “dalğavarı”, farsca “bulud” və ya “suyun üzü”, ərəbcə isə “üz üçün su” mənalarını verir və su üzərində rəsm çəkmə sənətidir. Ebru rəssamları ebruzən adlanırlar.