SİYASƏT
Azərbaycan ilə Qana arasında potensial əməkdaşlıq istiqamətləri müzakirə olunub
Bakı, 6 mart, AZƏRTAC
Martın 6-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT-nin Ən az inkişaf etmiş ölkələr üzrə Beşinci Konfransı çərçivəsində Qana Respublikasının xarici işlər və regional inteqrasiya naziri Şirley Ayorkor Botçvey ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə əvvəlcə C.Bayramov qanalı həmkarını bu ölkənin milli günü münasibətilə təbrik edib və dost Qana xalqına tərəqqi, sülh, əmin-amanlıq arzulayıb.
Sonra tərəflər ikitərəfli və çoxtərəfli platformalarda əməkdaşlıq gündəliyinə daxil olan məsələlər barədə fikir mübadiləsi aparıb və gələcək potensial əməkdaşlıq istiqamətlərini müzakirə ediblər.
Nazir Ceyhun Bayramov BMT Təhlükəsizlik Şurasının hazırkı qeyri-daimi üzvlərindən biri qismində Qanadan olan həmkarını postmünaqişə dövründə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesi, eləcə də regionda hazırkı təhlükəsizlik vəziyyəti barədə məlumatlandırıb. Bildirilib ki, Ermənistan tərəfinin davam edən hərbi təxribatları, o cümlədən martın 5-də törədilmiş insident bu ölkənin regionda davamlı sülhün əldə olunmasında və Azərbaycanla qarşılıqlı hörmətə əsaslanan münasibətlərin qurulmasında maraqlı olmadığını bir daha göstərir.
Görüşdə Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlıq məsələləri də müzakirə edilib. Hərəkatın təsisçi dövlətlərindən biri kimi Qananın Qoşulmama Hərəkatının fəaliyyətində aktiv iştirakı vurğulanıb. Qarşı tərəf Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun bir neçə gün əvvəl Bakıda keçirilmiş Zirvə görüşü və onun nəticələri barədə məlumatlandırılıb.
Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.