AZƏRBAYCAN İLƏ TÜRKİYƏNİN HƏMKARLAR İTTİFAQLARININ ƏLAQƏLƏRİNİN GENİŞLƏNDİRİLMƏSİ YOLLARI MÜZAKİRƏ OLUNMUŞDUR
Qonaqları səmimiyyətlə salamlayan S.Mehbalıyev Azərbaycan həmkarlar ittifaqlarının fəaliyyəti və onun keçdiyi tarixi yol haqqında qonaqlara məlumat vermiş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin acı nəticələrini, onun sülh yolu ilə aradan qaldırılması istiqamətində ölkəmizin rəhbərliyinin gördüyü işləri, bu sahədə Türkiyə Respublikasının dəstəyini diqqətə çatdırmışdır.
Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının qəbul edilməsini və bu sənəddə nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi nəticəsində az müddətdə ölkəmizdə 450 min iş yerinin açılmasını qonaqların diqqətinə çatdırmışdır. AHİK-in sədri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə konstruktiv şəkildə həyata keçirilən birgə işləri, hökumətlə bağlanan Baş Kollektiv Sazişin müddəalarının yerinə yetirilməsi sahəsində icra strukturları ilə həyata keçirilən tədbirləri, işsizlik probleminin həll olunması istiqamətində mühüm dövlət qərarlarının yerinə yetirilməsində həmkarlar ittifaqlarının rolunu, işsizlərin miqrasiyası, onların sosial hüquqlarının qarşılıqlı surətdə qorunması məsələsinin əhəmiyyətini vurğulamış, Türkiyə ilə sərhəd bölgələrdə yaşayan vətəndaşlarımızın qardaş ölkədə çalışdıqlarını və orada müəyyən problemlərlə üzləşdiklərini nəzərə alaraq, mövcud çətinliklərin aradan qaldırılmasının və işçilərin əmək hüquqlarının qorunmasının vacibliyini söyləmişdir.
Ölkələrimiz arasında sosial müdafiə sahəsində ikitərəfli əlaqələrin genişlənməsi, birgə beynəlxalq layihələrin həyata keçirilməsi, beynəlxalq tədbirlərdə vahid mövqedən çıxış etmələrini məmnunluqla dilə gətirən AHİK sədri, qardaş Türkiyənin həmkarlar ittifaqları ilə yaradılmış əlaqələrin əhəmiyyətini bir daha qonaqların nəzərinə çatdırmışdır.
Türkiyənin əmək və sosial müdafiə naziri Murat Başesgioğlu səmimi qəbul üçün minnətdarlığını bildirmiş, ölkələrimiz arasında yaranmış qardaşlıq və dostluq əlaqələrindən məmnun qaldığını, o cümlədən həmkarlar ittifaqları arasında çoxşaxəli münasibətlərin təqdirəlayiq olduğunu qeyd etmişdir. Azərbaycan və Türkiyə hökumətləri arasında sosial müdafiə sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin xüsusi əhəmiyyət daşıdığını bildirən M.Başesgioğlu demişdir ki, işçilərin sosial-iqtisadi hüquqlarının təmin edilməsində əməkdaşlığımızın xüsusi rolu vardır. Türkiyəli nazir rəhbərlik etdiyi qurumun işçilərin sosial hüquqları ilə bağlı gördüyü işlər barədə ətraflı məlumat vermişdir.