AZƏRBAYCAN-İRAN MÜNASİBƏTLƏRİ QARŞILIQLIFAYDALI ƏMƏKDAŞLIĞA ƏSASLANIR
Prezidentin İcra Aparatı xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov AZƏRTAC-ın müxbirinə demişdir ki, hər iki dövlətin mühüm coğrafi mövqedə yerləşməsi və zəngin iqtisadi potensiala malik olması mövcud əməkdaşlığı daha da genişləndirmiş, Azərbaycanla İran arasında iqtisadi əlaqələrin sürətlə inkişaf etməsinə, əmtəə dövriyyəsinin həcminin ildən-ilə artmasına səbəb olmuşdur. İran Azərbaycanın ixrac-idxal əməliyyatları apardığı əsas dövlətlərdən biridir. Milli iqtisadiyyatımıza sərmayə qoyuluşunda iranlı iş adamlarının payı yüksəkdir. İranlı sərmayədarlar ölkəmizin infrastrukturuna, kənd təsərrüfatına, emal sənayesinə, energetika sektoruna və digər sahələrə investisiya qoyurlar. Qarşılıqlı əlaqələrə yeni, güclü təkan verə biləcək bir sıra inkişaf layihələri artıq gündəlikdədir. Söhbət, ilk növbədə, Azərbaycandan keçən Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılmasından gedir. Ölkəmizin qovşaq rolu oynayacağı bu böyük layihəni reallaşdırmaq üçün Azərbaycan, İran və Rusiya arasında müvafiq razılaşmalar əldə edilmişdir. Mərkəzi və Şimali Avropanı Cənubi Asiya ilə birləşdirəcək dəmiryol xəttinin, eləcə də beynəlxalq əhəmiyyətli avtomobil yolunun işə salınması Azərbaycan-İran əməkdaşlığının genişlənməsinə və dərinləşməsinə şərait yaradacaqdır. İki ölkə arasında elektrik enerjisi mübadiləsinin nizama salınması, eləcə də İrandan Naxçıvana qaz kəmərinin çəkilməsi ikitərəfli əlaqələrin möhkəmləndirilməsi işinə əhəmiyyətli töhfədir.