Azərbaycan istixana qazlarının 35 faizinin azaldılmasına nail olmağı öhdəsinə götürüb
Bakı, 18 fevral, AZƏRTAC
Birləşmiş Millətlər Təşkilatı İnkişaf Proqramının (BMTİP) Azərbaycan nümayəndəliyi və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) İqlim Dəyişikliyi üzrə Birləşmiş Millətlər Təşkilatı Çərçivə Konvensiyası (UNFCCC) üçün dördüncü Milli Kommunikasiya və ikinci iki illik hesabat üzrə layihə imzalayıb.
Nümayəndəlikdən AZƏRTAC-a verilən məlumata görə, layihə Qlobal Ekoloji Fond (GEF) tərəfindən maliyyələşdirilib və BMTİP ilə sıx əməkdaşlıq nəticəsində hazırlanıb. Layihənin ümumi büdcəsi 852 min ABŞ dollarıdır. Yeni layihə Azərbaycan hökumətinə Ekologiya və Təbii Sərvətlər Nazirliyi vasitəsilə konvensiya qarşısında davamlı şəkildə hesabat verməyə dəstək olacaq. Layihə Azərbaycanda gələcək iqlim dəyişikliyi gündəliyini kənd təsərrüfatı, enerji, nəqliyyat, tikinti və meşə təsərrüfatı kimi digər iqtisadiyyat sahələri üzrə mühüm məlumatları toplanmaq, araşdırmaq, ümumiləşdirmək və BMT Katibliyinə təqdim edərək həyata keçirməyi nəzərdə tutur. Bu, həmçinin yerli mütəxəssislərin məlumatların yeni üsulla toplanması və təhlili üzrə texniki və metodologiyanın tətbiq edilməsi bacarıqlarının təkmilləşdirilməsinə xidmət edəcək.
Ümumi istixana qazının təxminən 0,1 faiz payına sahib olmasına baxmayaraq, ölkəmizdə nəinki yalnız iqlim dəyişikliyinə uyğunlaşmaya görə, eləcə də onun azaldılmasına yönəldilmiş layihə və tədbirlər həyata keçirilir. Yeni təsdiqlənən Paris Razılaşmasına əsasən, Azərbaycan iqlim dəyişikliyinin azaldılmasına görə 1990-cı illə müqayisədə 2030-cu ilədək istixana qazlarının 35 faizinin azaldılmasına nail olmağı könüllü olaraq öhdəsinə götürüb. Hökumət 2001, 2010 və 2016-cı illərdə müvafiq olaraq İqlim Dəyişikliyi üzrə BMT Çərçivə Konvensiyasının birinci, ikinci və üçüncü kommunikasiyalarını hazırlayaraq təqdim edib.
BMT-nin İnkişaf Proqramı (BMTİP) yoxsulluğun ləğvinə nail olmaq, o cümlədən bərabərsizlik və ayrı-seçkiliyin aradan qaldırılmasına yardım göstərmək üçün 170-ə yaxın ölkə və ərazilərdə fəaliyyət göstərən agentlikdir. UNFCCC Rio-de-Janeyroda keçirilmiş Dünya Sammitində aparılan danışıqlar nəticəsində 21 mart 1994-cü ildə qüvvəyə minmiş beynəlxalq ətraf mühit müqaviləsidir. İqlim Dəyişikliyi üzrə Birləşmiş Millətlər Təşkilatı Çərçivə Konvensiyasının əsas məqsədi planeti qorumaq üçün atmosferdə olan istixana qazlarının səviyyəsini sabitləşdirməyə yardım göstərməkdir.