Azərbaycan İtaliyanın Milan şəhərində açılmış “BİT-2012” Beynəlxalq turizm sərgisində iştirak edir
Bakı, 16 fevral (AZƏRTAC). Fevralın 16-da İtaliyanın Milan şəhərində “BİT-2012” Beynəlxalq turizm sərgisi açılmışdır.
Beynəlxalq sərgidə dünyanın 52 ölkəsindən 600-ə yaxın şirkət iştirak edir.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, beynəlxalq sərgidə ölkəmiz nümayəndə heyəti ilə təmsil olunur. Nümayəndə heyətinin tərkibinə Mədəniyyət və Turizm Nazirliyi turizm şöbəsinin sektor müdiri V.Şixəmmədov, Bakı Turizm İnformasiya Mərkəzinin əməkdaşı G.Əliyeva və Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının 4 nümayəndəsi daxildir. Sərgidə, həmçinin Azərbaycanın “Geo Travel”, “Gilan Tourism” və “Millennium Tourism and Congress DMC” turizm şirkətlərinin təmsilçiləri də iştirak edirlər.
Mədəniyyət və Turizm Nazirliyi və ölkəmizin turizm şirkətləri artıq dördüncü dəfədir ki, ənənəvi “BİT” Beynəlxalq turizm sərgisində təmsil olunurlar.
Beynəlxalq sərgidə respublikamızın turizm imkanlarını əks etdirmək üçün 40 kvadratmetrlik sahədə pavilyon quraşdırılmışdır. Bundan əlavə, sərgiyə gələn ziyarətçi və iştirakçılara paylanması üçün ingilis dilində 30 adda müxtəlif növ reklam-çap məhsulları və digər təbliğat materialları hazırlanmışdır.
“BİT-2012” Beynəlxalq turizm sərgisi fevralın 19-dək davam edəcəkdir.