MƏDƏNİYYƏT
Azərbaycan Konqreslər Bürosu beynəlxalq tədbirdə ölkəmizi təmsil edir
Bakı, 31 oktyabr, AZƏRTAC
Rusiyanın paytaxtı Moskvada işgüzar turizm sahəsi ilə bağlı 3-cü dəfə təşkil edilən “International MICE” adlı beynəlxalq tədbirdə ölkəmiz də təmsil olunub.
AZƏRTAC xəbər verir ki, Rusiya Biznes Turizmi Assosiasiyasının təşkil etdiyi və əsasən MDB ölkələrini əhatə edən tədbirdə ölkəmizi Azərbaycan Konqreslər Bürosu təmsil edib.
Büronun satış və marketinq meneceri Fidan Rəhmanova “B2B” formatında keçirilən iclaslarda ölkəmizdə təşkil edilən Bakı Şopinq Festivalı və turizmin inkişafına təkan verən digər tədbirlər barədə ətraflı məlumat verib. Həmçinin Azərbaycanın turizm potensialı barədə informasiyaları Rusiya və MDB ölkələrindən gələn nümayəndələrə təqdim edib.
“MICE” Beynəlxalq Coğrafiya Təqdimatı Rusiya adlanan tədbir Rusiya “MICE” sənayesinin əsas hadisəsi sayılır. Burada əsas hədəf konstruktiv dialoq və uzunmüddətli əməkdaşlığın qurulması məqsədi ilə işgüzar turizm sahəsində qabaqcıl şəxsləri bir araya gətirməkdir.
Tədbirin ilk günündə, tərəfdaşlar və sərgi iştirakçıları Moskvada yerləşən “Ritz-Carlton” otelində “B2B “formatında keçirilən seminarda müştərilərlə görüşüblər.
Tədbir çərçivəsində dəvət edilən 500 müştərinin görüşləri və toplantıları keçirilir. Həmçinin Rusiyanın Kazan, Tümen, Voronej, Yekaterinburq, Novosibirsk, Samara, Rostov-na-Donu kimi şəhərlərindən olan 50 regional korporativ alıcının “Hosted Buyers” proqramında iştirakı nəzərdə tutulub.
Xarici sərmayələrin cəlb olunması və dünya turizm bazarında əvəzolunmaz görüşlər məkanı statusunun qazanılması baxımından Azərbaycan Konqreslər Bürosunun bu cür tədbirlərdə iştirak etməsi olduqca vacib hesab olunur. Eyni zamanda, belə tədbirlərdə Azərbaycanın turizm potensialının tanınması turizm sahəsində görülən işlərə böyük bir dəstəkdir.