Azərbaycan məktəbliləri beynəlxalq olimpiadada uğurla çıxış ediblər
Bakı, 22 avqust, AZƏRTAC
Avqustun 14-dən 21-dək virtual formatda Asiya Pasifik İnformatika Olimpiadası təşkil olunub.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, 33 ölkədən 200-dən çox şagirdin qatıldığı yarışmada məktəblilərimiz uğurla çıxış ediblər. Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdi Murad Eynizadə və Gəncə şəhəri M.Əzizbəyov adına 15 nömrəli tam orta məktəbin X sinif şagirdi Əziz Hüseynov bürünc medala layiq görülüblər.
Qeyd edək ki, Asiya Pasifik İnformatika Olimpiadası 2007-ci ildən Beynəlxalq İnformatika Olimpiadası formatında təşkil edilən virtual müsabiqədir.