“Azərbaycan Metallurqlar Cəmiyyəti” Ümumdünya Polad İstehsalçıları Assosiasiyasının üzvü seçilmişdir
Bakı, 1 noyabr (AZƏRTAC). “Azərbaycan Metallurqlar Cəmiyyəti” Braziliyanın San-Paulo şəhərində keçirilən Beynəlxalq konfransda “Worldsteel”ə (Ümumdünya Polad İstehsalçıları Assosiasiyası) üzv seçilmişdir.
“Baku Steel Companu MMC”nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, dünyada polad biznesini birləşdirən ən iri sənaye assosiasiyalarından olan “Worldsteel”in payına planetin polad istehsalının 85 faizi düşür.
Konfransın regional assosiasiyalarının görüşündə Azərbaycan metallurgiyasının təqdimatı keçirilmişdir. Burada ölkə metallurgiyasının tarixi, respublikada fəaliyyət göstərən aparıcı metallurgiya şirkətlərinin icmalı və ölkə rəhbərliyinin bu sahənin inkişafına xüsusi diqqəti əks olunan materiallar nümayiş etdirilmişdir.
Azərbaycan hökumətinin həyata keçirdiyi uğurlu layihələr nəticəsində son illər ağır sənayenin, o cümlədən metallurgiya və maşınqayırma sənayesinin inkişaf etdiyinin vurğulandığı təqdimatda qeyri-neft sektorunun inkişaf etdirilməsinin dövlətin fəaliyyətinin prioritet istiqaməti olduğu göstərilmişdir. Təqdimat “American Iron and Steel Institute”, “Brazil Steel Institute”, “China Iron and Steel Assoc.”, “German Steel Federation”, “Eurofer” “Avropa Polad İstehsalçıları Assosiasiyası” və digər nüfuzlu təşkilatların nümayəndələrinin böyük marağına səbəb olmuşdur.
Konfransda, həmçinin dünya iqtisadiyyatının inkişaf templəri və polad istehlakının azalması kimi məsələlər də müzakirə edilmişdir.
Mövcud problemlərə baxmayaraq, proqnozlara əsasən, bu il dünya üzrə polada olan tələbatın 3,1 faiz, gələn il isə daha 3,3 faiz artacağı bildirilmişdir. Bir sıra ekspertlərin rəyinə görə isə faktiki artım “Worldsteel”in proqnozlaşdırdığı rəqəmlərdən də çox olmalıdır.
Konfransda 2014-cü ildə artımın bir sıra amillərdən, o cümlədən iri boru kəməri və infrastruktur layihələrinin həyata keçirilməsindən asılı olacağı nəzərə çatdırılmışdır.
Təşkilat Şurasının sədri A.Mordaşov inşaat sektorunda polada olan tələbatın sürətli artım templərinin müşahidə olunduğunu vurğulamışdır.
Sonda “Worldsteel”in nizamnaməsinə uyğun olaraq Aleksey Mordaşov sədrlik ilinin sona çatması ilə assosiasiyanın Direktorlar Şurasındakı yerini Koreya Respublikasının “POSCO” şirkətinin baş direktoru və Direktorlar Şurasının sədri Cun Yanq Çunqa təhvil vermişdir.