AZƏRBAYCAN MƏTBUAT ŞURASININ MÜRACİƏTİ
Hörmətli oxucular! Əziz həmkarlar!
Açıq və demokratik cəmiyyət qurmaq üçün medianın üzərinə düşən şərəfli vəzifənin məsuliyyətini, ölkədə və dünyada baş verən olayları dolğun, dəqiq və qərəzsiz xəbərləməyin çətinliyini, şəffaf hakimiyyət-şəffaf cəmiyyət hədəfini bir an da unutmayaraq mətbuatımızın sınanmış keçmişinə, ümidverici perspektivinə, demokratik jurnalistika prinsiplərinə, ən başlıcası, söz və mətbuat azadlığının demokratik cəmiyyət quruculuğunda danılmaz roluna inanaraq və mətbuatla bağlı baş verə biləcək narazılıqların Mətbuat Şurası vasitəsilə çözülməsinə inamınıza güvənərək bildiririk.
Şura çalışacaq ki:
-bundan sonra medianın fəaliyyətini heç bir hakimiyyət, siyasi və ya iqtisadi qrup, inhisarçı dəstə yönəltməsin, doğru-dolğun və dəqiq məlumatlandırma prinsipi əsas götürülsün;
-mətbuatımız heç kimin, ilk növbədə adi vətəndaşların şərəf və ləyaqətinin alçaldılmasında vasitə olmasın və öz fəaliyyətində Jurnalistlərin Peşə Davranışı Qaydalarını əsas tutmaqla cəmiyyətdə tolerantlığa, plüralizmə, vətəndaşın hər şeyi bilmək hüququna, bütövlükdə insanın hüquq və azadlıqlarına sayğı aşılasın;
-mətbuatımız özünütənzimləmənin çətinliyini, cəmiyyət və hakimiyyətlə ola biləcək mübahisələrin diapazonunu nəzərə alaraq, bütün mübahisə və münaqişələrin yalnız MŞ-nin Nizamnaməsi əsasında həllinə nail olsun;
-hakimiyyət söz və mətbuat azadlığının cəmiyyət üçün vacibliyini və qlobal xarakterini nəzərə alaraq, MŞ-nin qərarlarına sayğı göstərsin, tabeliyindəki qurumları jurnalistlərə və mətbuata qarşı əsassız məhkəmə iddiaları qaldırmaqdan, yersiz münaqişələrdən çəkindirsin;
-vətəndaşlar, QHT-lər, bütövlükdə cəmiyyət üzvləri obyektiv və ya subyektiv səbəblər üzündən mətbuatın fəaliyyətindən doğan narazılıqları öncə MŞ-də aydınlaşdırmağa üstünlük versin;
-ölkəmizdə mətbu fəaliyyəti tənzimləyəcək ictimai özünütənzimləmə orqanı olan MŞ-nin bu Müraciətinədək məhkəmə iddiası qaldırmış hakimiyyət qurumları, ayrı-ayrı vətəndaşlar öz iddialarını geri götürməklə, Şuranın hər şeyi yenidən başlamaq ideyasını dəstəkləyəcək və bununla da onun uğurunu, əsasən, təmin etmiş olacaq.
Bakı şəhəri, 9 aprel 2003-cü il