AZƏRBAYCAN MİLLİ AVARÇƏKMƏ FEDERASİYASININ RƏHBƏRLİYİ MƏTBUAT KONFRANSI KEÇİRMİŞDİR
Bakı, 1 iyul (AZƏRTAC). İyulun 1-də Gənclər və İdman Nazirliyində Azərbaycan Milli Avarçəkmə Federasiyasının (AMAF) rəhbərliyi Almaniyanın Brandenburq şəhərində keçirilmiş Avropa çempionatındakı 1 qızıl və 1 gümüş medal qazanmış yığmanın üzvləri ilə birlikdə mətbuat konfransı keçirmişlər.
Mətbuat konfransında AMAF-ın prezidenti Elçin Zeynalov, Avropa çempionu Valentin Demyanenko, bürünc mükafatçılar Maksim Prokopenko - Sergey Bezzuqlıy dueti, kayak və kanoe üzrə milli komandamızın baş məşqçisi Aleksandr Kolıbelnikov və məşqçi Vasili Kovbanovskiy iştirak etmişlər.
Tədbirdə çıxış edən federasiyanın prezidenti avarçəkmə sahəsində müəyyən işlərin görüldüyünü bildirmişdir. İdmançılarımızın nailiyyətlərindən danışan Elçin Zeynalov söyləmişdir ki, mayda Polşada Dünya Kubokunun II mərhələsində kanoeçilərimiz Valentin Demyanenko, eləcə də Maksim Prokopenko - Sergey Bezzuqlıy dueti bürünc medal qazanmışlar. Avropa çempionatında hər 3 idmançımız finala vəsiqə qazanmışlar. Demyanenko 200 m məsafəyə yürüşdə qızıl, Maksim Prokopenko - Sergey Bezzuqlıy dueti isə 500 m məsafədə bürünc medala sahib olmuşlar. Həmçinin qeyd olunmuşdur ki, federasiyanın əsas məqsədi London Olimpiadasına lisenziya qazanmaqdır.
Federasiya rəhbəri, həmçinin Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında avarçəkmə kafedrasının yaradılmasının da vacibliyini vurğulamışdır. E.Zeynalov Mingəçevirdə tikilən “Kür” Olimpiya İdman Mərkəzi ilin sonunda istifadəyə verildikdən sonra xarici idmançılarının Azərbaycana təlim-məşq toplantısına gələcəklərini də vurğulayıb və artıq müxtəlif ölkələrdən müraciətlər aldıqlarını da söyləmişdir.