AZƏRBAYCAN MİLLİ FUTBOL KOMANDASININ BAŞ MƏŞQÇİSİ BERTİ FOQTS İCTİMAİYYƏTƏ TƏQDİM EDİLMİŞDİR
Aprelin 14-də “Park İnn” mehmanxanasında Azərbaycan milli futbol komandasının almaniyalı baş məşqçisi Berti Foqts ictimaiyyətə təqdim olunmuşdur.
AZƏRTAC xəbər verir ki, təqdimat mərasimində çıxış edən AFFA-nın prezidenti Rövnəq Abdullayev bildirmişdir ki, qurumun İcraiyyə Komitəsinin martın 30-da keçirilən iclasında almaniyalı Berti Foqtsun Azərbaycan yığma futbol komandasına baş məşqçi təyin olunması haqqında qərar qəbul edilmişdir. AFFA ilə almaniyalı futbol mütəxəssisi Berti Foqts arasında müqavilə imzalanmışdır. Müqaviləyə əsasən, B.Foqts 2009-cu ilin dekabrınadək Azərbaycan milli yığma futbol komandasının baş məşqçisi vəzifəsini yerinə yetirəcəkdir.
R.Abdullayev demişdir ki, 1946-cı ildə dünyaya göz açan Berti Foqts 1996-cı ildə Almaniya yığmasına Avropa çempionluğunu qazandırmışdır. 1998-ci ildə Fransada keçirilən dünya çempionatının dörddəbir final mərhələsindəki məğlubiyyətindən sonra B.Foqts Almaniya millisinin baş məşqçisi vəzifəsindən istefa vermişdir. Almaniyalı mütəxəssis 2007-2008-ci illərdə Nigeriya yığmasına rəhbərlik etmişdir.
Rövnəq Abdullayev baş məşqçiyə Azərbaycan milli futbol komandasının formasını təqdim etmişdir.
Təqdimat mərasimində çıxış edən Berti Foqts demişdir ki, Azərbaycanda təkcə idmanda deyil, bütün sahələrdə irəliləyiş, inkişaf özünü göstərməkdədir.
Bakıda olduğu müddətdə AFFA-nın iş pirinsipi ilə tanış olduğunu bildirən almaniyalı baş məşqçi vurğulamışdır ki, burada görəcəyi işlərlə bağlı qurum rəhbərliyi ilə danışıqlar aparmışdır. Yaxın vaxtlarda Azərbaycanın milli futbol komandasına digər yerli klublardan yeni oyunçular cəlb ediləcəkdir.
Berti Foqts vurğulamışdır ki, təmsil etdiyi ölkənin futbol mütəxəssislərinin Azərbaycan yığmasının formalaşması, inkişafı üçün burada fəaliyyət göstərmələri də nəzərdən keçiriləcəkdir.
Sonra jurnalistləri maraqlandıran suallar cavablandırılmışdır.
Tədbirdə gənclər və idman naziri Azad Rəhimov iştirak etmişdir.
######
