Azərbaycan-Moldova iqtisadi potensialından tam istifadə etmək lazımdır
Kişineu, 5 mart, AZƏRTAC
AZƏRTAC MOLDPRES Agentliyinə istinadən xəbər verir ki, Moldovanın baş naziri Kirill Qaburiç Azərbaycanın Kişineudakı səfiri Namiq Əliyevlə görüşüb.
Həmsöhbətlər qeyd ediblər ki, iki ölkə arasında münasibətlər həmişə müsbət xarakter daşıyıb, amma iqtisadi əməkdaşlıq imkanlarından daha tam istifadə etmək lazımdır.
Tərəflər Hökumətlərarası ticarət-iqtisadi əməkdaşlıq komissiyasının Moldova tərəfdən həmsədrinin təyin edilməsinin zəruri olduğunu bildiriblər.
K.Qaburiç və N.Əliyev qeyd ediblər ki, əlaqələrin genişləndirilməsi ikitərəfli iqtisadi mübadilənin artmasına gətirib çıxaracaqdır.
Hökumətlərarası komissiyanın ilk iclası Bakıda keçiriləcək. Bununla əlaqədar olaraq tərəflər bildiriblər ki, iki dövlətin paytaxtlarını birləşdirən birbaşa aviareyslər təşkil edilməlidir.
Moldovanın baş naziri deyib: “ Bu, həmçinin ölkələrimiz arasında iqtisadi münasibətlərin yaxşılaşmasına kömək göstərən amil olacaqdır”. Diplomatik nümayəndəliyimizin rəhbəri Kirill Qaburiçi baş nazir vəzifəsinə təyin olunması ilə əlaqədar təbrik edərək ona uğurlar arzulayıb.
Moldova hökumətinin başçısı ümidvar olduğunu bildirib ki, həm Moldova Respublikası, həm də Azərbaycan Respublikası üçün bir çox birgə qarşılıqlı faydalı layihələr vardır.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu