AZƏRBAYCAN MÜHARİBƏ ŞƏRAİTİNDƏ YAŞAYIR VƏ MÜHARİBƏ HƏLƏ BİTMƏYİBDİR
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş komandanı İlham Əliyev Silahlı Qüvvələrin yaradılmasının 90 illiyi münasibətilə iyunun 26-da Bakıda keçirilən hərbi paradda söylədiyi nitqində demişdir ki, ölkəmiz müharibə şəraitində yaşayır və müharibə hələ bitməyibdir. Müharibənin birinci mərhələsi başa çatıbdır və müvəqqəti olaraq atəşkəs rejimi mövcuddur. Bu atəşkəs qorunub saxlanılır. Ancaq o demək deyil ki, müharibə başa çatıbdır. Biz hər an öz doğma torpaqlarımızı azad etməyə hazır olmalıyıq və məhz bu məqsədlə güclü ordu yaradırıq.
Azərbaycanın işğaldan 10 ildən çoxdur əziyyət çəkdiyini, torpaqlarımızın bir hissəsinin müvəqqəti olaraq itirildiyini bildirən dövlət başçısı vurğulamışdır ki, belə olan halda, ordu quruculuğu, müdafiə potensialının möhkəmlənməsi və güclü ordunun yaranması dövlət, hökumət və hər bir vətəndaş üçün bir nömrəli vəzifədir. Biz bu istiqamətdə öz səylərimizi davam etdirəcəyik. Biz hər an hazır olmalıyıq ki, öz doğma torpaqlarımızı işğalçı qüvvələrdən azad edək. Azərbaycan dövləti bu məqsədlə nə lazımdır edir.