AZƏRBAYCAN-NATO ƏMƏKDAŞLIĞININ 10 İLİ TAMAM OLDU
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Azərbaycan Gənclərinin Avratlantika Təşkilatı tərəfindən təşkil olunmuş və “Sülh naminə tərəfdaşlıq yolunda 10 il” adlanan konfransı təşkilatın sədri Ziya Qazıyev açmışdır. O, tədbir iştirakçılarını - Xarici İşlər, Müdafiə, Gənclər, İdman və Turizm nazirliklərinin, NATO üzvü olan dövlətlərin - Türkiyə, ABŞ, Böyük Britaniya, AFR, Fransa və Yunanıstanın ölkəmizdəki səfirliklərinin nümayəndələrini, jurnalistləri salamlamış, ötən on ilə qısa ekskurs etmişdir.
Xarici işlər nazirinin müavini Araz Əzimov, Müdafiə Nazirliyi beynəlxalq hərbi əməkdaşlıq idarəsinin rəisi polkovnik Ramız Nəcəfov ölkəmizin Avroatlantika məkanına inteqrasiyası, Azərbaycan-NATO əməkdaşlığı, o cümlədən hərbi əməkdaşlıq, münaqişə bölgələrində Azərbaycan tabırlarının fəaliyyəti haqqında danışmışlar.
Türkiyənin ölkəmizdəki səfiri Əhməd Ünal Çeviköz, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının səfiri Lorens Bristoun və başqaları çıxış etmişlər. Keçmiş sovet respublikalarının NATO ilə əməkdaşlığının tarixi xatırladılmış, Azərbaycanın 1994-cü il mayın 4-də “Sülh naminə tərəfdaşlıq” Proqramına qoşulması ölkəmizin Avratlantika məkanına inteqrasiyasının bir mərhələsi kimi qiymətləndirilmiş, alyansın qarşıdakı İstanbul sammiti barədə məlumat verilmişdir. Bildirilmişdir ki, həmin sammitdə NATO-nun sıraları genişlənəcək, üzvlərin sayı 19-dan 26-ya çatdırılacaqdır.
Konfransda jurnalistləri maraqlandıran suallara cavab verilmişdir.