AZƏRBAYCAN NATO İLƏ ƏMƏKDAŞLIĞI İNKİŞAF ETDİRMƏKDƏ MARAQLIDIR
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, nazir Elmar Məmmədyarov iyunun 27-də Azərbaycanda səfərdə olan NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Robert Simmons ilə görüşmüşdür.
R.Simmons “Melanj” və “Saloğlu” layihələrinin uğurla yerinə yetirilməsi haqqında məlumat vermiş, səfər zamanı keçirdiyi görüşlər barədə danışmışdır. NATO rəsmisi Alyans ilə Azərbaycan arasında sıx əməkdaşlığı və fərdi tərəfdaşlığın Əməliyyat Planının müvəffəqiyyətlə icra olunduğunu vurğulamışdır.
Nazir E.Məmmədyarov Azərbaycanın NATO ilə münasibətlərini inkişaf etdirməkdə maraqlı olduğunu və siyasi, sərhəd təhlükəsizliyi, təlim, tədris və s. sahələrdə əməkdaşlıqda əldə olunmuş uğurları qeyd etmişdir.
Görüşdə regional, beynəlxalq və maraq doğuran digər məsələlər müzakirə olunmuşdur.