AZƏRBAYCAN NÜMAYƏNDƏLƏRİ FESTİVALDA QALİB GƏLMİŞLƏR
ABŞ-ın Atlanta şəhərində keçirilən 27-ci Beynəlxalq mədəniyyət festivalında Azərbaycan qalib gəlmişdir. Festivalın münsiflər heyəti qırxa yaxın ölkənin mədəni irsinə həsr olunmuş sərgilər arasında birinciliyi Azərbaycan təmsilçilərinə vermişdir.
Amerikanın nüfuzlu Emori Universitetinin təşkil etdiyi birgünlük festival hər il dünyanın müxtəlif mədəniyyətlərinin təmsilçilərini bir araya gətirərək, əsl irs bayramına çevrilir. Bu rəngarəng tədbirdə iştirakçılar festivala gələn minlərlə qonağa milli mətbəxləri, ədəbiyyat, incəsənət, folklorları haqqında məlumat verir, nümunələr göstərirlər.
27-ci Beynəlxalq mədəniyyət festivalında Azərbaycanı Emori Universitetinin professoru Camal Musayev, Corcia Dövlət Universitetindən Afaq Fəzlollahi, tələbələr Çingiz Əmirov, Aynur Qurbanova, Ruziyyə Ramazanova, məktəblilər Elvin Allazov və Aytən Musayeva təmsil edirdilər.
Milli geyimlərimizdə qonaqların qarşısına çıxan həmvətənlərimiz, daha sonra amerikalıları ləziz dolma, şəkərbura və paxlavaya qonaq etmişlər. Müxtəlifliyi və zənginliyi ilə seçilən mədəniyyətimizin bir parçasını onlar Azərbaycana aid sərgiyə çıxardıqları xalçalar, rəsm əsərləri, məlumat kitabçaları ilə əks etdirməyə çalışmışlar. Ən yaddaqalan məqam isə, Azərbaycanlı tələbələrin ifa etdiyi milli rəqslər olmuşdur.
Festival qonaqlarına Ermənistan-Azərbaycan münaqişəsi, qaçqın və məcburi köçkünə çevrilən insanların aqibəti haqqında da məlumat verilmişdir.
Sərginin təşkilində həmvətənlərimizə Azərbaycanın Vaşinqtondakı səfirliyi və Amerika-Azərbaycan Ticarət Palatası kömək etmişdir.
Şəfəq Akifqızı
AzərTac-ın xüsusi müxbiri