AZƏRBAYCAN ÖZÜNÜ MİS KUPOROSU İLƏ TƏMİN EDƏ BİLƏR
Azərbaycan respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramında yerli xammal ehtiyatlarından səmərəli istifadə etmək mühüm vəzifə kimi qarşıya qoyulur. Ölkəmizin tələbatını ödəmək üçün bu yatağın istismara verilməsinin zəruriliyi şübhəsiz ki, əlaqədar təşkilatların yadına düşəcəkdir.
Bu problemlə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mineral Xammal Elmi Tədqiqat İnstitutundan AZƏRTAC-a bildirmişlər ki, 1989-1990-cı illərdə Şəmkir rayonunun Çənlibel kəndində goydaş istehsal edən müəssisə yaradılmışdı. Mütəxəssislər burada ildə 30 min ton goydaş istehsal etmək barədə layihə də hazırlamışdılar. Nəzərdə tutulurdu ki, alınacaq məhsulun 10 min tonu ölkəmizin tələbatını ödəyər, qalanını isə ixrac edib satmaq da olar.
İnstitutdan onu da dedilər ki, yataqda ilk vaxtlar sadə texnologiya ilə, yəni bakterioloji qələviləşdirmə üsulu ilə mis alınırdı. Bu texnologiya ekoloji cəhətdən təmiz hesab olunurdu və bir o qədər də enerji tələb etmirdi. Lakin ölkədə sabitliyin pozulduğu həmin illər bu iş yarımçıq qaldı, hər şey yaddan çıxdı. Həmin yatağın istismarına başlamağın artıq vaxtı çatmışdır. Bu, həm üzümçülüyün inkişafına, həm yeni iş yerləri açmağa və həm də respublikamızı asılılıqdan qurtarmağa kömək edər.