SİYASƏT
Azərbaycan parlamentinin növbəti iclası keçirilib
Bakı, 18 mart, AZƏRTAC
Martın 18-də Azərbaycan Respublikası Milli Məclisinin növbəti iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclası açan Milli Məclisin sədri Oqtay Əsədov Novruz bayramı ərəfəsində imzaladığı əfv Sərəncamına görə Azərbaycan parlamenti adından dövlətimizin başçısı İlham Əliyevə minnətdarlığını bildirib.
Sonra gündəliyin müzakirəsinə başlanılıb.
Əvvəlcə “Nüvə materialının fiziki mühafizəsi haqqında” Konvensiyaya Düzəlişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi müzakirə olunub.
Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov qanun layihəsini təqdim edib. Bildirilib ki, “Nüvə materialının fiziki mühafizəsi haqqında" Konvensiya 1979-cu il oktyabrın 26-da qəbul edilib. 1980-ci il martın 3-də isə qoşulmaq üçün açıq olub. Azərbaycan həmin Konvensiyaya 2003-cu ilin dekabrında qoşulub. 2005-ci ildə isə Konvensiyaya düzəlişlər qəbul edilib ki, hazırda bu məsələ müzakirəyə çıxarılıb. Düzəlişlərə uyğun olaraq Konvensiyanın preambulası dəyişdirilib. Preambulada dəyişikliyin əsas məqsədi nüvə materiallarının, nüvə qurğularının daşınması, saxlanması və təhlükəsizliyi, onun mühafizə olunmasını daha da möhkəmləndirməkdən ibarətdir. Eyni zamanda, burada prinsiplər müəyyən olunub. Həmin prinsiplər birinci növbədə dövlətlərin məsuliyyətini müəyyən edir. Düzəlişdə nüvə materiallarının, nüvə qurğularının daşınması, təhlükəsizlik mədəniyyəti, eyni zamanda, fövqəladə hallar zamanı nüvə materialları ilə necə rəftar edilməsi və digər məsələlər öz əksini tapıb. Düzəlişlərin hamısı milli maraqlarımıza tam uyğundur.
Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsinə əsasən sənədin 213-1.3-cü maddəsində “Tütün” sözü “Pivənin və tütün” sözləri ilə əvəz ediləcək. Nəzərdə tutulan dəyişiklik aksiz markası ilə markalanmalı olan məhsulları nağd qaydada xeyli miqdarda satma, həmçinin belə məhsulları satış məqsədləri üçün nağd qaydada xeyli miqdarda alma, pivənin və tütün məmulatlarının pərakəndə satışı istisna olunmaqla Cinayət Məcəlləsində təsbit edilməsi məqsədi daşıyır.
Deputatlar, həmçinin “Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsini də nəzərdən keçiriblər. Qeyd edilib ki, qanun layihəsində 81 adda güclü təsir edən maddələr və onların külli miqdarının, 52 adda zəhərli maddələrin siyahısı göstərilib. Sənədə əsasən, sadalanan maddələrin daxil olduğu bütün dərman formaları (qarışıq və məhlullar) hansı firma (ticari) adına malik olmasından asılı olmayaraq, güclü təsir edən maddələrə aiddir.
Zəhərli maddələrin siyahısı ilə bağlı qeyddə deyilir ki, bu siyahıda göstərilən maddələr elmi-tədqiqat laboratoriyalarında və tibb müəssisələrində kimyəvi reaktiv kimi, həmçinin elmi və tibbi məqsədlər üçün istifadə oluna bilər.
Bununla bağlı, Cinayət Məcəlləsinin 240.3.2-ci və 240-cı maddələrinə əlavə və dəyişiklik edilir. Belə ki, 240.3.2-ci maddədə edilən əlavə və dəyişikliyə əsasən “külli” sözündən əvvəl “güclü təsir edən maddələrə münasibətdə” sözləri əlavə olunur.
240-cı maddənin “Qeyd” hissəsində edilən dəyişikliyə görə isə “onların” sözü “güclü təsir edən maddələrin” sözləri ilə əvəz edilir.
Sonda qanun layihələri səsə qoyularaq qəbul edilib.