AZƏRBAYCAN PAYTAXTINDA TƏNTƏNƏLİ HƏRBİ PARAD KEÇİRİLMİŞDİR
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 90-cı ildönümü münasibətilə iyunun 26-da Bakının bayram libası geymiş Azadlıq meydanında hərbi parad keçirilmişdir. Hərbi paradda Silahlı Qüvvələrin bütün qoşun növlərinin, hərbi birlik və birləşmələrin, hərbi tədris müəssisələrinin, həmçinin qanunvericilikdə nəzərdə tutulan başqa silahlı birləşmələrin 4510 nəfərlik şəxsi heyəti, 210 modernləşdirilmiş hərbi texnika, döyüş vertolyotları, təyyarələri, gəmiləri və qayıqlar iştirak edirdi.
Meydana toplaşanlar Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevi sürəkli alqışlarla qarşıladılar.
Müdafiə naziri, general-polkovnik Səfər Əbiyev Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verdi.
Dövlətimizin başçısı əsgərləri salamladı.
Müdafiə Nazirliyinin əlahiddə nümunəvi hərbi orkestri Azərbaycanın Dövlət himnini ifa etdi.
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev nitq söylədi.
Azərbaycan Ordusunun 90 illik yubileyi münasibətilə xalqı təbrik edən Ali Baş Komandan Milli Ordunun yaranmasını əlamətdar tarixi hadisə adlandırdı. Dövlətimizin başçısı dedi ki, 1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ilk illərdə Azərbaycanda ordu quruculuğu işi düzgün qurulmamışdı. Yalnız 1993-cü ildə ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanda ordu quruculuğuna başlandı. Qısa müddətdə nizami ordu yaradıldı. Bu gün ordunun gücləndirilməsi üçün bütün addımlar atılır. Azərbaycan Ordusu ən yüksək standartlara cavab verir. Gələcəkdə ordunun daha da gücləndirilməsi üçün çox işlər görüləcəkdir. Azərbaycanın maddi imkanları artdıqca ordu quruculuğuna daha çox diqqət göstəriləcəkdir.
Hərbçilərə göstərilən dövlət qayğısından danışan Prezident İlham Əliyev dedi ki, onların sosial-məişət məsələlərinin həlli bundan sonra da diqqətdə saxlanılacaqdır.
Prezident İlham Əliyev dedi: Böyük məmnunluq hissi ilə deyə bilərəm ki, son bir neçə il ərzində Azərbaycanda müasir və çox güclü hərbi sənaye kompleksi yaradılmışdır. Dünən hərbi sənaye kompleksinin yeni tərkib hissəsi olan zavodun açılışında olarkən bir daha gördüm ki, Azərbaycanda bu sahədə istehsal olunan məhsullar dünyanın ən yüksək standartlarına cavab verir. Biz qısa müddət ərzində Azərbaycanda daha güclü hərbi sənaye kompleksinin yaradılmasına nail olmalıyıq.
Ali Baş Komandan qeyd etdi ki, hərbi potensialın güclənməsi, müasir ordunun yaradılması üçün görülən işlər bugünkü ordunun timsalında özünü qabarıq biruzə verir. Artıq Azərbaycanın hərbi xərcləri Ermənistanın ümumi büdcəsinə bərabərdir.
Dövlət başçısı bir daha diqqəti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə çəkərək dedi ki, Azərbaycan münaqişənin sülh yolu ilə həllinə tərəfdar olsa da, Ermənistanın qeyri-konstruktiv siyasəti nəticəsində problemin həlli uzanır. Ancaq danışıqlar əbədi aparıla bilməz.
Azərbaycanın münaqişəni istənilən yolla həll etmək gücündə olduğunu bildirən Prezident İlham Əliyev dedi: Bu ədalətsizliyə dözə bilmərik. Mən əminəm ki, biz bütün səylərimizi səfərbər edib diplomatik, iqtisadi, hərbi siyasətimizi gücləndirərək istədiyimizə nail olacağıq. Haqq-ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq bizim tərəfimizdədir, iqtisadi imkanlar bizim tərəfimizdədir, hərbi üstünlük də artıq bizim tərəfimizdədir. Vaxtilə Ermənistanla Azərbaycan arasında hərbi sahədə olan balans, tarazılıq pozulubdur. Bu gün Azərbaycan Ordusu bölgənin ən güclü ordusudur və bu proses davam etdirilir, ordunun güclənməsi üçün nə lazımdırsa biz bundan sonra da edəcəyik.
Azərbaycanda hərbi paradın keçirilməsini böyük hadisə adlandıran Prezident İlham Əliyev dedi ki, bu gün bütün Azərbaycan xalqı görəcəkdir ki, Azərbaycan Ordusu nəyə qadirdir. Əminəm ki, bu paradı görən hər bir vətənpərvər insan fəxr edəcəkdir ki, Azərbaycanın belə güclü və qüdrətli ordusu var.
Azərbaycan Ordusuna eşq olsun!
X X X
Sonra şəxsi heyətin və texnikanın təntənəli keçidi başladı.
Meydana əvvəlcə Azərbaycan Respublikasının Dövlət bayrağı gətirildi. Dövlət bayrağının ardınca Azərbaycan Xalq Cümhuriyyəti Ordusunun Döyüş bayrağı altında süvari və piyada hərbi geyim qiyafəsində olan hərbi qulluqçular tribunanın önündən keçdilər.
Onları tribunanın qarşısında Azərbaycan Silahlı Qüvvələri qoşun növlərinin bayraqlarını aparan nizami dəstələr əvəz etdi.
Cəmşid Naxçıvanski adına Hərbi Liseyin kursantları, quru qoşunlarının, hərbi hava və hərbi dəniz qüvvələrinin zabit bölükləri, Silahlı Qüvvələrin təhsil müəssisələrinin kursantları, Silahlı Qüvvələrimizin sülhməramlıları, Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasının, Milli Təhlükəsizlik Nazirliyinin, Fövqəladə Hallar Nazirliyi Mülki Müdafiə Qoşunlarının, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının bölmələri, dəniz piyadaları, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının bölməsi, Müdafiə Nazirliyinin xüsusi təyinatlıları mətin addımlarla tribunanın önündən keçdilər.
Sonra hərbi texnikanın, o cümlədən yüksək hərəkət-manevr qabiliyyətinə malik motosikletlər və avtomobillər, pilotsuz uçuş aparatları, müxtəlif çaplı, müasir tipli qoşqulu artilleriya sistemləri, avtomatik minaatanlar, tank əleyhinə toplar, qaubitsalar, qoşqular, zireh sistemləri, taktiki raket kompleksləri, zirehli transportyorlar, müxtəlif markalı özüyeriyən artilleriya qurğuları, piyadanın döyüş maşınları, müasir tanklar tribunanın önündən keçdilər.
Xəzər dənizinin sahilində, paradın keçirildiyi Azadlıq meydanının yaxınlığında Hərbi Dəniz Qüvvələrinin gəmiləri və qayıqları hərbi reyddə sıralanmışdı.
Sonra Azadlıq meydanı üzərində Azərbaycan Hərbi Hava Qüvvələrinin müxtəlif markalı döyüş təyyarələrinin və vertolyotlarının uçuşları oldu. Azərbaycan şahinləri səmada müxtəlif mürəkkəb təmrinləri məharətlə yerinə yetirdilər. Onların heyrətamiz pilotajları, manevr bacarığı meydanda alqışlarla müşayiət olundu.