AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV İSLAM KONFRANSI TƏŞKİLATININ BAŞ KATİBİ EKMƏLƏDDİN İHSANOĞLUNU QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 11-də İslam Konfransı Təşkilatının Baş katibi Ekmələddin İhsanoğlunu qəbul etmişdir. “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” mövzusunda beynəlxalq forumun əhəmiyyətindən danışan Ekmələddin İhsanoğlu, tədbirin yüksək səviyyədə təşkilinə görə dövlətimizin başçısına və YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə etdi. O qeyd etdi ki, bu cür tədbirlərin keçirilməsi mədəniyyətlərarası dialoqda və ölkələrin ictimai həyatında qadınların rolunun daha da artırılması işinə xidmət edəcəkdir.
Dövlətimizin başçısı “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” mövzusunda beynəlxalq forumun ölkəmizdə keçirilməsini YUNESKO və İSESKO kimi nüfuzlu təşkilatların Azərbaycana olan hörmətinin və bu istiqamətdə ölkəmizdə həyata keçirilən işlərə verilən qiymətin əlaməti kimi dəyərləndirdi. Prezident İlham Əliyev bildirdi ki, bu cür mötəbər tədbirlərin keçirilməsi beynəlxalq əməkdaşlığın daha da genişlənməsi işinə öz töhfəsini verəcəkdir.
######
