AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV YUNANISTANIN ÖLKƏMİZDƏ YENİ TƏYİN OLUNMUŞ SƏFİRİNİN ETİMADNAMƏSİNİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 3-də Yunanıstan Respublikasının ölkəmizdə yeni təyin olunmuş səfiri İonannis Metaksasın etimadnaməsini qəbul etmişdir.
Diplomat fəxri qarovul dəstəsinin önündən keçdi.
Səfir İonannis Metaksas etimadnaməsini Azərbaycan Prezidenti İlham Əliyevə təqdim etdi.
Dövlətimizin başçısı səfirlə xatirə şəkli çəkdirdi.
Sonra Prezident İlham Əliyev səfirlə söhbət etdi.
Dövlətimizin başçısı Azərbaycanla Yunanıstan arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluğunu bildirdi. Müxtəlif səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətindən danışan Prezident İlham Əliyev bu səfərlərin əməkdaşlığın genişləndirilməsi baxımından rolunu xüsusi qeyd etdi. Səfirə fəaliyyətində uğurlar arzulayan dövlətimizin başçısı ümidvar olduğunu bildirdi ki, onun ölkəmizdəki diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələr daha da genişlənəcəkdir.
Səfir İonannis Metaksas Yunanıstan Prezidenti Karolos Papulyasın salamlarını dövlətimizin başçısına çatdırdı. İki ölkə arasında əlaqələrin inkişafı üçün geniş imkanların olduğunu deyən səfir dövlətimizin başçısını əmin etdi ki, Azərbaycandakı diplomatik fəaliyyəti dövründə bu əlaqələrin genişləndirilməsi üçün səylərini əsirgəməyəcəkdir.
Dövlətimizin başçısı Yunanıstan Prezidentinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Yunanıstanın dövlət başçısına çatdırmağı xahiş etdi.
######
![]() |
![]() |

