RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN FRANSANIN BAŞ NAZİRİ DOMİNİK DE VİLPEN İLƏ GÖRÜŞÜ
AZƏRTAC-ın xüsusi müxbirləri xəbər verirlər ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın
30-da Fransa hökumətinin binasına - “Matinyon” sarayına gəlmişdir.
Burada Azərbaycan Prezidentinin təntənəli qarşılanma mərasimi oldu.
Dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyevanı Fransanın Baş naziri Dominik de Vilpen sarayın önündə böyük hörmət və ehtiramla qarşıladı.
Sonra Azərbaycan Prezidenti ilə Fransanın Baş naziri arasında görüş keçirildi.
Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafı, Prezident İlham Əliyevin Fransaya dövlət səfərinin əhəmiyyəti, eləcə də bu səfərin qarşılıqlı əməkdaşlığın genişləndirilməsinə təkan verəcəyi vurğulandı.
Bildirildi ki, Fransa ilə Azərbaycan arasında bütün sahələrdə əməkdaşlıq daim genişlənir və iqtisadi əlaqələrin daha da inkişafı üçün böyük perspektivlər vardır. Bu baxımdan, Azərbaycan ilə Fransa arasında imzalanacaq sənədlər gələcək əməkdaşlığın konkret istiqamətlərinin müəyyənləşdirilməsində mühüm rol oynayacaqdır.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olundu.