AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN GÜRCÜSTAN PARLAMENTİNİN SƏDRİ NİNO BURCANADZE İLƏ GÖRÜŞÜ
Xanım Burcanadze Prezident İlham Əliyevi parlament binasının önündə səmimiyyətlə və mehribanlıqla qarşıladı.
Görüş zamanı Nino Burcanadze Azərbaycan-Gürcüstan münasibətlərində bütün sahələrdə, o cümlədən də parlament əməkdaşlığında müşahidə olunan müsbət dinamikanı vurğuladı. O, bütün Qafqazda sülhün və əmin-amanlığın bərpa olunmasının vacibliyindən danışaraq, bu prosesdə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin misilsiz rolunu xatırlatdı, bu görkəmli siyasi xadimlə görüşləri barədə xatirələrini bölüşdü.
Azərbaycan Prezidenti İlham Əliyev bildirdi ki, bütün sonuncu xarici səfərlərlə müqayisədə, Gürcüstana gəlmiş Azərbaycan nümayəndə heyəti daha çoxsaylıdır. Bu, Azərbaycanın qardaş Gürcüstanla münasibətlərə böyük əhəmiyyət verdiyini bir daha sübut edir. Nümayəndə heyətinə Milli Məclisin deputatları, Gürcüstan parlamenti ilə dostluq qrupunun üzvləri daxildirlər. Parlamentlərarası əlaqələr ikitərəfli münasibətlərin inkişafında və möhkəmlənməsində əvəzsiz rol oynayır.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər barədə fikir mübadiləsi aparıldı.