AZƏRBAYCAN PREZİDENTİNİN GÜRCÜSTANA DÖVLƏT SƏFƏRİ BAŞA ÇATDI
“Qırmızı körpü” nəzarət-buraxılış məntəqəsində Qazax rayonu ictimaiyyətinin nümayəndələri dövlətimizin başçısını böyük səmimiyyətlə qarşıladılar.
Azərbaycan Sərhəd Xidmətinin rəisi general-leytenant Elçin Quliyev Azərbaycan Prezidenti, Ali baş komandan İlham Əliyevə nəzarət-buraxılış məntəqəsinin fəaliyyəti, onun işinin təkmilləşdirilməsinə yönəlmiş tədbirlər, Azərbaycanın və Gürcüstanın sərhəd xidmətləri arasındakı əlaqələr barədə məruzə etdi.
Prezident İlham Əliyev Gürcüstana səfərinin yekunlarına dair jurnalistlər üçün brifinq keçirdi.
Yol boyu Qazax rayonunun sakinləri dövlətimizin başçısını ehtiramla salamlayır, xoş arzularını ifadə edirdilər.
Prezident İlham Əliyev Yuxarı Salahlı kəndində Səməd Vurğunun Poeziya evini ziyarət etdi. Dövlətimizin başçısına bildirildi ki, ümummilli liderimiz Heydər Əliyev 1975-ci ildə açılmış Poeziya evində olmuş, buranın zənginləşdirilməsi üçün konkret tapşırıqlar vermişdi.
Prezident İlham Əliyev ekspozisiyaya tamaşa etdi, Azərbaycan poeziyası klassikinin öz ifasında şerlərinin maqnitofon yazısına qulaq asdı. Azərbaycan Prezidenti fəxri qonaqlar kitabına ürək sözlərini yazdı, Poeziya evi ilə bağlı tövsiyələrini söylədi.
X X X
Prezident İlham Əliyev daha sonra Qazax rayonunda Olimpiya idman kompleksinin tikintisi üçün ayrılmış sahəyə gəldi. Layihənin baş memarı Famil Ağayev ölkə rəhbərinə futbol meydanının, tennis kortlarının və mehmanxananın da daxil olduğu kompleksin baş planı barədə məlumat verdi. Kompleksin tikintisini bir ay ərzində başlamaq və onu gələn il başa çatdırmaq nəzərdə tutulmuşdur.
X X X
Prezident İlham Əliyevi Qazax şəhərindəki Heydər parkında yerli sakinlər sürəkli alqışlarla, səmimiyyətlə qarşıladılar.Dövlətimizin başçısı 15 iyun - Milli Qurtuluş günü münasibətilə şəhər sakinlərini təbrik etdi, ən xoş arzularını yetirdi. Sonra Azərbaycan Prezidenti şəhər stadionunda idmançıların çıxışlarına baxdı. Pəhləvan İsrafil Məmmədovun çıxışı alqışlarla qarşılandı. Dövlətimizin başçısı “Göyəzən” futbol komandasının Azərbaycan çempionatının yüksək liqasına vəsiqə qazanmış üzvləri ilə də görüşdü, idmançılarla xatirə şəkli çəkdirdi.
Respublikamızın rəhbəri 60 nəfərin çalışdığı xalça sexində də oldu. Xalq rəssamı Kamil Əliyev Azərbaycan Prezidentinə sexin fəaliyyəti barədə məlumat verdi, gələcəkdə onun genişləndiriləcəyini bildirdi. Azərbaycan rəhbəri bununla bağlı konkret tapşırıqlar verdi.
Dövlətimizin başçısına xatirə olaraq nəfis Qazax xalçası bağışlandı.
X X X
Azərbaycan Prezidenti İlham Əliyev həmin gün Ağstafa şəhərinə gəldi. Burada dövlətimizin başçısını böyük mehribanlıqla qarşıladılar. Prezident İlham Əliyev yumşaq mebel istehsal edən Azərbaycan-Rumıniya müştərək müəssisəsi ilə tanış oldu.
Heydər parkına toplaşmış şəhər sakinləri Azərbaycan rəhbərini hərarətli alqışlarla qarşıladılar. Prezident İlham Əliyev onları Milli Qurtuluş günü münasibətilə təbrik edərək bildirdi ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində Ağstafa rayonunda da yeni iş yerləri açılacaq, istehsal müəssisələri işə salınacaqdır.
Azərbaycan Prezidenti daha sonra Poylu qəsəbəsində yüksəkvitaminli yem zavodunun tikiləcəyi yerə gəldi. Zavodun tikintisinə cari ildə başlanacaq və o, 2005-ci ildə işə salınacaqdır. 2005-2006-cı illərdə burada 460 iş yeri açılacaq, ikinci mərhələdə - 2006-2008-ci illərdə onların sayı 1200-ə çatdırılacaqdır.
X X X
Ağstafadan Tovuz rayonuna gələn Azərbaycan Prezidenti İlham Əliyev burada sakinlərlə görüşdü, Qurtuluş günü münasibətilə onları təbrik etdi, onların problemləri ilə maraqlandı. Azərbaycan rəhbəri Tovuz rayonunun inkişaf perspektivlərindən söhbət açaraq qeyd etdi ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində rayonda yeni iş yerləri yaradılacaq, müəssisələr açılacaqdır.
Dövlətimizin başçısı şəhər parkında dincələn sakinlərlə də görüşüb səmimi söhbət etdi.
X X X
Prezident İlham Əliyev Tovuzdan Şəmkir rayonuna gəldi. Dövlətimizin başçısı burada yerli stadiona baxdı. İcra hakimiyyətinin başçısı Aslan Aslanov rayon idmançılarının nailiyyətlərindən danışdı. Sonra Azərbaycan rəhbəri futbol meydanına baxdı. Prezident İlham Əliyev rayon sakinləri qarşısında çıxış edərək, onları Milli Qurtuluş günü münasibətilə təbrik etdi. Azərbaycan Prezidenti dedi ki, rayonda gedən tikinti işlərinin yüksək sürəti Şəmkirin yaxşı iqtisadi potensiala malik olduğunu göstərir. O, ümidvar olduğunu söylədi ki, Şəmkir idmançıları Azərbaycanı müxtəlif beynəlxalq yarışlarda layiqincə təmsil edəcəklər.
X X X
Azərbaycan Prezidenti iyunun 15-də axşamüstü Gəncə şəhərinə gəldi.