“AZƏRBAYCAN QADINININ DÜNƏNİ, BU GÜNÜ VƏ GƏLƏCƏYİ” MÖVZUSUNDA KONFRANS KEÇİRİLMİŞDİR
Əvvəlcə Azərbaycan və Türkiyə respublikalarının dövlət himnləri səslənmişdir.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, tədbiri universitetin rektoru, professor Erol Oral açaraq qadınların cəmiyyətin inkişafındakı müstəsna rolundan danışmış və əlamətdar gün münasibətilə onları təbrik etmişdir.
“Azərbaycan məktəbi” jurnalının baş redaktoru Zəhra Əliyeva, akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının həkimi Sədaqət Qurbanova beynəlxalq qadınlar bayramının tarixindən bəhs etmiş, onun dünyanın bir çox tərəqqipərvər ölkələrində geniş qeyd olunduğunu bildirmişlər.
Qadın Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Dilrubə Camalova məruzə ilə çıxış edərək ölkəmizdə ayrı-ayrı sahələrlə yanaşı, qadın problemlərinin həllində xalqımızın ümummilli lideri, dünya şöhrətli siyasi xadim, Prezident Heydər Əliyevin əvəzsiz xidmətlərindən söhbət açmışdır.
Sonra natiq Azərbaycan qadınının keçdiyi böyük inkişaf yolundan danışmış, bu gün onun cəmiyyətin bütün sahələrində səmərəli fəaliyyət göstərdiyini və diqqətəlayiq nailiyyət qazandığını əsaslı faktlarla diqqətə çatdırmışdır. O, eyni zamanda qadınlarımızın işıqlı gələcəyinə dərin inamını ifadə etmişdir.
Tədbirdə müasir dünyada mövcud olan qadın problemlərindən və onların həlli ilə bağlı həyata keçirilən tədbirlərdən də söhbət açılmışdır.
Milli Məclisin sosial qanunvericilik şöbəsinin müdiri Adilə Abasova və başqaları ölkəmizdə qadın adının daim müqəddəs və şərəfli tutulduğunu bildirmiş və bayram münasibətilə xoş arzularını çatdırmışlar.
Sonra qadınlara bayram hədiyyəsi təqdim edilmişdir.