Azərbaycan Qazaxıstanda növbədənkənar parlament seçkilərində MDB müşahidə missiyasına daxildir
Minsk, 29 fevral, AZƏRTAC
Qazaxıstan Xarici İşlər Nazirliyinin dəvətinə əsasən MDB müşahidə missiyası və onun qərargahı Qazaxıstan Respublikası Parlamentinin Məclisinə növbədənkənar seçkilər üzrə keçirilən kampaniyanın monitorinqinə başlayıb.
Birliyin müşahidə missiyasının qərargahından AZƏRTAC-a bildirilib ki, missiya qərargahının rəhbəri Yevgeni Sloboda qarşıdan gələn seçkilərlə bağlı məsələləri Qazaxıstan Mərkəzi Seçki Komissiyasının sədri Kuandık Turqankulov ilə müzakirə edib. Missiya qərargahının rəhbəri seçkilərə hazırlıq və seçkilərin keçirilməsi məsələlərini Qazaxıstanın xarici işlər naziri ilə də müzakirə edib.
MDB-dən olan uzunmüddətli müşahidəçilər Qazaxıstan Xalq Assambleya Şurasının geniş iclasında iştirak ediblər. Onlar Qazaxıstan Xalq Assambleyasının seçdiyi namizədlərin Qazaxıstan Respublikası Parlamentinin Məclisinə irəli sürülməsi prosedurunu izləyiblər. Missiya üzvləri, həmçinin Astana şəhər Ərazi Seçki Komissiyasının seçkilərin təşkilatçıları və seçki prosesinin iştirakçıları üçün keçirdikləri seminarda iştirak ediblər.
MDB müşahidə missiyasının formalaşması davam edir. Fevralın 29-na olan məlumata görə, onun tərkibində Azərbaycan, Belarus, Qırğızıstan, Rusiya Federasiyası, Türkmənistan, Özbəkistan, MDB iştirakçısı dövlətlərin Parlamentlərarası Assambleyası, Belarus və Rusiya İttifaqının Parlament Məclisi və Birliyin İcraiyyə Komitəsindən 109 müşahidəçi akkreditə olunub.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk