AZƏRBAYCAN RESPUBLİKASI HƏRBİ PROKURORLUĞUNDA ÖTƏN İLİN YEKUNLARINA HƏSR OLUNMUŞ ƏMƏLİYYAT MÜŞAVİRƏSİ KEÇİRİLMİŞDİR
Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda geniş əməliyyat müşavirəsi keçirilmişdir. Müşavirədə 2004-cü ildə Azərbaycan Respublikası Hərbi Prokurorluğu orqanları tərəfindən cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydalarının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində görülmüş işlər müzakirə olunmuşdur.
Hərbi Prokurorluqdan AZƏRTAC-a bildirmişlər ki, müşavirədə respublika hərbi prokuroru vəzifəsini icra edən ədliyyə polkovniki İlham Məmmədovun məruzəsi dinlənilmişdir. Məruzəçi ümummilli liderimiz Heydər Əliyevin orduya, ordu quruculuğuna, hüquq-mühafizə orqanlarının işinə həmişə yüksək qayğı və diqqət göstərdiyini vurğulayaraq demişdir ki, bu siyasət hazırda Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısının 30 sentyabr 2004-cü il tarixli Sərəncamı ilə prokurorluğun bir qrup əməkdaşının dövlət mükafatları ilə təltif edilməsi bu qayğının bariz təzahürüdür.
Məruzədə 2004-cü ildə respublika Hərbi Prokurorluğu orqanlarının Azərbaycan Respublikasının Konstitusiyasında, “Prokurorluq haqqında” Qanunda, habelə Azərbaycan Respublikasının digər qanunlarında hərbi prokurorluqlara aid edilmiş səlahiyyətləri həyata keçirərək, Silahlı Qüvvələrdə və qanunvericilikdə nəzərdə tutulmuş digər hərbi birləşmələrdə qanunçuluğun daha da möhkəmləndirilməsi sahəsində görülən işlər, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması, cinayətkarlığa qarşı mübarizə və hərbi nizamnamələrə əməl olunmasına dair mövcud vəziyyət, buraxılmış nöqsan və çatışmazlıqlar hərtərəfli və prinsipial təhlil edilmişdir. Natiq Azərbaycan Respublikası Baş Prokurorluğunun 14 fevral 2004-cü il tarixli kollegiya iclasının qərarına əsasən prokurorluğun fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinin artırılması, Mərkəzi Aparatın struktur qurumları tərəfindən tabe hərbi prokurorluqların fəaliyyəti üzərində nəzarətin gücləndirilməsi, hərbi prokurorluqlarda xidməti, icra və əmək intizamının möhkəmləndirilməsi, kadr islahatlarının aparılması sahəsində görülən işlər barədə ətraflı məlumat vermişdir.
Bildirilmişdir ki, Azərbaycan Respublikası Hərbi Prokurorluğu Orqanlarının 2004-cü ildəki fəaliyyəti üzrə əsas göstəricilər 2003-cü ilin göstəriciləri ilə müqayisədə xeyli yaxşılaşmış, cinayətlərin sayı azalmış, onların açılma faizi yüksəlmişdir.
Hesabat dövründə prokurorluğun fəaliyyət istiqamətləri üzrə 29 ümumiləşdirmə aparılmışdır ki, bu da mövcud problemlərin aradan qaldırılmasına xeyli kömək etmişdir. Son bir ildə cinayətkarlığa qarşı mübarizənin səmərəliliyinin artırılması məqsədi ilə elmi institutların mütəxəssis alimlərinin iştirakı ilə birgə seminar-məşğələlər, hərbi məhkəmələrin hakimləri, hərbi komandanlıqla səmərəli görüşlər keçirilmiş və ordu quruculuğu sahəsində və cinayətkarlığa qarşı mübarizədə birgə vəzifələr müzakirə edilmişdir.
Vurğulanmışdır ki, əvvəlki illərdə olduğu kimi, 2004-cü ildə də respublika Hərbi Prokurorluğu Orqanlarının fəaliyyətində əsas yerlərdən birini vətəndaşların müraciətlərinə baxılıb onların pozulmuş hüquqlarının bərpa edilməsi və qanuni mənafelərinin təmin olunması tutmuşdur. Respublikanın Hərbi Prokurorluq Orqanları bütün il boyu bu məsələni diqqət mərkəzində saxlamışlar.
Müşavirədə bildirilmişdir ki, xidməti və icra intizamının pozuntularına və nöqsanlara yol vermiş əməkdaşlar ciddi intizam məsuliyyətinə cəlb edilmişlər. Hərbi prokurorluğun maddi-texniki bazası möhkəmləndirilmiş, həm Mərkəzi Aparat, həm də ərazi hərbi prokurorluqlar bütün zəruri texniki avadanlıq və inventarla təmin edilmişdir.
Məruzə ətrafında çıxışlar olmuşdur. Respublika Hərbi Prokurorluğunun idarə və şöbə rəisləri, ərazi hərbi prokurorları çıxış edərək ölkəmizdə aparılan uğurlu daxili siyasətin bəhrələrindən, üzərlərinə düşən vəzəifələrdən danışmış, buraxılmış nöqsanları təhlil etmişlər.
Əməliyyat müşavirəsinə respublika hərbi prokuroru vəzifəsini icra edən ədliyyə polkovniki İlham Məmmədov yekun vurmuşdur.