AZƏRBAYCAN RESPUBLİKASI PROKURORLUQ ORQANLARININ ƏMƏKDAŞLARINA
Hörmətli prokurorluq əməkdaşları və veteranları!
Sizi Azərbaycan Prokurorluğunun yaradılmasının 90 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edirəm.
1918-ci il oktyabrın 1-də Azərbaycan Demokratik Respublikası Nazirlər Şurasının qərarı ilə əsası qoyulmuş milli prokurorluq orqanları mürəkkəb, eyni zamanda, şərəfli inkişaf yolu keçmişlər. Xalq Cümhuriyyətinin süqutundan sonrakı 70 il ərzində Azərbaycan Prokurorluğu Sovet İttifaqının dövlət siyasətini həyata keçirməsinə baxmayaraq, təşkilati cəhətdən mühüm dövlət strukturu kimi təşəkkül tapmış, milli kadrlarımız böyük təcrübə və yüksək peşə hazırlığı əldə etmişlər.
Dövlət müstəqilliyimiz bərpa edildikdən sonra Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün doğurduğu siyasi-iqtisadi tənəzzül, separatist meyillərin güclənməsi və səriştəsiz idarəçilik dövrünü yaşayan dövlətimiz vətəndaş müharibəsi, müstəqilliyini itirmək təhlükəsi ilə üzləşmişdi. Yaranmış cəzasızlıq şəraiti nəticəsində cinayətkarlıq görünməmiş vüsət almış, insanların hüquq və azadlıqlarının pozulması kütləvi hala çevrilmişdi. Yalnız ümummilli liderimiz Heydər Əliyevin xalqın tələbi ilə siyasi hakimiyyətə qayıtmasından sonra həyata keçirilən təxirəsalınmaz və qətiyyətli tədbirlər nəticəsində ölkəmizdə dövlət çevrilişləri cəhdləri, vətəndaş müharibəsi və separatizm təhlükəsi aradan qaldırılmış, cinayətkarlığa qarşı barışmaz mübarizə elan edilməklə dayanıqlı ictimai-siyasi sabitlik təmin edilmiş, demokratik hüquqi dövlət quruculuğu prosesinə başlanmışdır.
Zamanın ruhuna, yeni siyasi, iqtisadi, sosial reallıqlara uyğun olaraq, ölkəmizdə prokurorluq orqanlarının statusunda, səlahiyyətlərində və fəaliyyətində köklü dəyişikliklər baş vermiş, kadr siyasətində ciddi dönüşün yaradılması və şəffaflığın təmin edilməsi, elmi-texniki nailiyyətlərin tətbiqi, maddi-texniki bazanın və əməkdaşların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilmişdir. Son illər prokurorluqda sağlam iş mühitinin yaradılması üçün ciddi işlər görülmüş, dövlətçilik, qanunçuluq prinsipləri ön plana çəkilmiş, cəmiyyətimizdə prokurorluğa ictimai etimad artmış və onun nüfuzu yüksəlmişdir. Prokurorluq orqanlarında yeniləşmə prosesi gedir, gənc kadrlar işə qəbul edilir, vəzifədə irəli çəkilir, yeni iş ruhu, canlanma və inkişaf hiss olunur. Bu proseslər dövlət tərəfindən dəstəklənir və bundan sonra da dəstəklənəcəkdir.
Prokurorlar demokratik cəmiyyətdə prokurorluğa xas olan funksiyaları yerinə yetirərkən cəmiyyətimizin və dövlətimizin maraqlarının qorunmasında prinsipiallıq və peşəkarlıq nümayiş etdirir, cinayətkarlıqla mübarizədə, qanunçuluğun təmin edilməsində, bütövlükdə hüquq sisteminin inkişafında əhəmiyyətli rol oynayırlar. Prokurorluğun bu xidmətlərini və keçdiyi tarixi yolu nəzərə alaraq, ümummilli liderimiz Heydər Əliyev hər il oktyabrın 1-ni Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü elan etmişdir.
Hazırda prokurorluq orqanlarının qarşısında mühüm vəzifələr durur. Əsas məqsədimiz - prokurorluğun fəaliyyətinin müasirləşdirilməsi və dövlətçiliyə sadiq, qanunun aliliyinə hörmət edən, sağlam mənəviyyata, geniş dünyagörüşünə, yüksək nəzəri biliklərə malik yeni nəsil prokurorluq əməkdaşlarının formalaşdırılmasıdır. Əminəm ki, Azərbaycan Respublikası Prokurorluğu bu məqsədə çatmaq üçün səylərini davam etdirəcək və qarşısında qoyulan vəzifələri layiqincə yerinə yetirəcəkdir.
Hörmətli prokurorluq əməkdaşları və veteranları!
Sizi bir daha 90 illik yubileyiniz münasibətilə təbrik edir və hər birinizə şərəfli işinizdə uğurlar arzulayıram.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 sentyabr 2008-ci il.