SİYASƏT
AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİNDƏ
“Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 5 mart tarixli Fərmanının icrasını təmin etmək məqsədi ilə Nazirlər Kabineti qərara almışdır ki, “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq siyahısı” təsdiq edilsin.
Bu qərar imzalandığı gündən qüvvəyə minmişdir.
X X X
Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara almışdır ki, Maliyyə Nazirliyinin ixtisasartırma kursunun bazasında 2002-ci ilin dövlət büdcəsində onun saxlanılması üçün ayrılan vəsait dairəsində Maliyyə Elm-Tədris Mərkəzinin yaradılması barədə Maliyyə Nazirliyinin təklifi qəbul olunsun.
Maliyyə Elm-Tədris Mərkəzi işçilərinin vəzifə maaşları Azərbaycan Respublikası Maliyyə Nazirliyinin mərkəzi aparatı işçilərinin vəzifə maaşları səviyyəsində müəyyən edilmişdir.
Maliyyə Nazirliyinə tapşırılmışdır ki, bir ay müddətində Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzinin Əsasnaməsini təsdiq etsin və bu qərardan irəli gələn digər məsələləri həll etsin.
Bu qərar imzalandığı gündən qüvvəyə minmişdir.
X X X
“Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyul tarixli Fərmanının 1-ci bəndinin beşinci abzasının icrasını təmin etmək məqsədi ilə Nazirlər Kabineti qərara almışdır ki, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzi yaradılsın.
“Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzinin Əsasnaməsi və strukturu” təsdiq edilmişdir.
Vergilər Nazirliyinin Tədris Mərkəzi işçilərinin say həddi 30 ştat vahidi müəyyən olunmuşdur.
Bu qərar imzalandığı gündən qüvvəyə minmişdir.
Bu qərarlar barədə AZƏRTAC-a Nazirlər Kabinetinin mətbuat mərkəzindən məlumat vermişlər.