RƏSMİ XRONİKA
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Hörmətli cənab Prezident!
Azərbaycan Respublikasının milli bayramı - Respublika günü münasibətilə Sizə və Azərbaycanın bütün vətəndaşlarına ən səmimi təbriklərimi bildirməyi, cansağlığı və rifah arzularımı çatdırmağı özümə şərəf sayıram. Bu il Azərbaycanda müstəqil dövlətin yaranmasının 90-cı ildönümü qeyd olunur. Bu bayramda Azərbaycan xalqının qədim tarixi, onun müstəqillik və demokratiya prinsipləri uğrunda mübarizəsi öz əksini tapmışdır. 1918-ci ildə qəbul olunmuş Müstəqillik bəyannaməsi, milliyyətindən, dinindən və cinsindən asılı olmayaraq, Azərbaycanda yaşayan hər kəsə vətəndaş hüquqlarını vermişdir.
Polşa Respublikası ilə Azərbaycan arasında mövcud olan və daim inkişaf edən əməkdaşlıq məni çox qane edir. Mövcud olan bu əməkdaşlığın səmərəliliyini müxtəlif səviyyələrdə keçirilən ikitərəfli rəsmi görüşlərin sayı da sübut edir. Bu görüşlər zamanı siyasətdən tutmuş iqtisadiyyat da daxil olmaqla əməkdaşlığın bütün sahələri müzakirə mövzusu olur. Cənab Prezident, çoxtərəfli enerji əməkdaşlığına, o cümlədən də, Odessa-Brodı-Qdansk layihəsinin həyata keçirilməsinə Azərbaycanın cəlb edildiyinə görə Sizə öz dərin təşəkkürümü bildirmək istərdim. Azərbaycanın iştirakçısı olduğu GUAM təşkilatı ilə Polşa arasında qurulmuş normal əməkdaşlıq isə ölkələrimiz arasında mövcud olan əlaqələrin yeni bir elementi olmuşdur, çünki Şərqi Avropa və Cənubi Qafqaz regionlarının siyasi imici üçün bu təşkilatın olduqca böyük əhəmiyyəti vardır.
Əminəm ki, Avropanın Qonşuluq Siyasətinin Əməliyyat Planının həyata keçirilməsi nəticəsində Azərbaycanın Avropa strukturlarına qoşulması prosesinin intensivliyi daha da güclənəcəkdir. Eyni zamanda, biz ümid edirik ki, bu prosesin Dağlıq Qarabağ münaqişəsinin uğurlu həllində də vacib rolu olacaqdır.
Cənab Prezident, mən Sizi əmin edə bilərəm ki, Polşa ilə Azərbaycan arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın rifahı naminə daim inkişaf edəcəkdir.
Zati-aliləri, fürsətdən istifadə edərək, bir daha Sizə öz ali ehtiramımı bildirirəm.
Dərin hörmətlə,
Lex Kaçinski
Polşa Respublikasının Prezidenti