Azərbaycan-Rumıniya Gənclər və Mədəniyyət Assosiasiyası Avropa İttifaqının Rumıniya nümayəndəliyinə etiraz məktubu ünvanlayıb
Buxarest, 15 sentyabr, AZƏRTAC
Azərbaycan-Rumıniya Gənclər və Mədəniyyət Assosiasiyası Avropa İttifaqının Rumıniyadakı nümayəndəliyinə Avropa Parlamentinin ölkəmizə qarşı qərəzli qətnaməsi ilə bağlı etiraz məktubu ünvanlayıb.
Məktubda Assosiasiyanın Avropa Parlamentinin qətnaməsinə dair kəskin narazılığı və böyük narahatlığı bildirilir, qətnamənin Azərbaycana qarşı qərəzli və qeyri-obyektiv tərtib edildiyi vurğulanır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həqiqətlərinə toxunulan məktubda qeyd edilir ki, Azərbaycanın əzəli torpaqlarının təcavüzkar Ermənistan tərəfindən zəbt edilməsinə, bir milyondan çox insanın doğma yurdundan didərgin düşməsinə baxmayaraq Ermənistana qarşı heç bir sanksiya tətbiq olunmur.
Sonda bildirilir ki, Azərbaycanın daxili siyasətinə qarışmaq yolverilməzdir və Assosiasiya Avropa Parlamentindən Azərbaycana qarşı ədalətli münasibət tələb edərək sanksiyalara və ikili standartlara son qoymağa çağırır.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest