AZƏRBAYCAN RUMINİYA İLƏ HƏRBİ SAHƏDƏ ƏMƏKDAŞLIĞA BÖYÜK ƏHƏMİYYƏT VERİR
Teodor Atanasiu səfərinə martın 14-də Fəxri xiyabanda xalqımızın ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin abidəsi önünə əklil qoymaqla başlamışdır.
Rumıniyalı qonaq görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üstünə gül dəstəsi qoymuşdur.
Rumıniyanın milli müdafiə naziri həmin gün Şəhidlər xiyabanını da ziyarət etmişdir. O, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsini ehtiramla anmış, “Əbədi məşəl” abidəsinin önünə əklil qoymuşdur.
Həmin gün Müdafiə Nazirliyində Rumıniyanın milli müdafiə nazirinin təntənəli qarşılanma mərasimi olmuşdur. Qonağın şərəfinə Azərbaycan Silahlı Qüvvələrinin fəxri qarovulu düzülmüşdür. Azərbaycanın və Rumıniyanın Dövlət himnləri səslənmişdir.
Sonra müdafiə naziri general-polkovnik Səfər Əbiyev Teodor Atanasiu ilə görüşmüşdür. Əvvəlcə, nazirlər təkbətək, sonra isə tərəflərin nümayəndə heyətləri geniş tərkibdə görüşmüşlər.
General-polkovnik Səfər Əbiyev bildirmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2004-cü ilin oktyabr ayında Rumıniyaya rəsmi səfəri Azərbaycan-Rumıniya əlaqələrinin daha da dərinləşməsinə təkan vermişdir. Biz Rumıniya ilə bütün sahələrdə, o cümlədən hərbi sahədə uğurla inkişaf edən əməkdaşlığa böyük əhəmiyyət veririk.
Müdafiə naziri Səfər Əbiyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq qeyd etmişdir ki, Azərbaycan münaqişənin beynəlxalq hüquq normaları və ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarıdır. Bu, bizim qəti mövqeyimizdir. O demişdir: “Əgər danışıqlar yolu bir nəticə verməsə, Azərbaycan digər imkanlarından istifadə edəcəkdir”.
Rumıniyanın milli müdafiə naziri Teodor Atanasiu bildirmişdir ki, bu səfər iki dövlət arasında əməkdaşlığın daha da dərinləşməsinə xidmət edəcəkdir. Qonaq qeyd etmişdir ki, Qara dəniz və Xəzər dənizi hövzəsi regionlarında sülhün və sabitliyin təmin olunması Rumıniya üçün əsas məsələlərdən biridir. O demişdir: “Rumıniya regiondakı münaqişələrin həllinə beynəlxalq diqqətin artırılması və bu münaqişələrin beynəlxalq hüquq normaları çərçivəsində həll edilməsi istiqamətində səylərini artırır.”
Sonra tərəflər Cənubi Qafqaz və Qara dəniz regionundakı mövcud hərbi vəziyyət, işğal olunmuş Azərbaycan torpaqlarında külli miqdarda silah-sursatın toplanması, beynəlxalq terrorizmlə mübarizə, Avratlantika təhlükəsizlik strukturlarına inteqrasiya və digər məsələlər ətrafında fikir mübadiləsi aparmışlar.
Görüşün sonunda “Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında hərbi-texniki əməkdaşlıq haqqında Saziş”, “Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Rumıniya Milli Müdafiə Nazirliyi arasında mübadilə edilən məxfi hərbi məlumatın mühafizəsi haqqında Saziş” və “15 fevral 2000-ci il tarixdə Bakı şəhərində imzalanmış Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Rumıniya Milli Müdafiə Nazirliyi arasında hərbi təhsil sahəsində əməkdaşlıq haqqında Protokola düzəlişlər edilməsi barədə Əlavə Protokol” imzalanmışdır.
Sənədləri Azərbaycan tərəfindən general-polkovnik Səfər Əbiyev, Rumıniya tərəfindən isə Teodor Atanasiu imzalamışlar.
Sonda kütləvi informasiya vasitələrinin nümayəndələri üçün mətbuat konfransı keçirilmişdir.