Azərbaycan şahmatçısı: Xalqımızın bizə göstərdiyi dəstəyi daim hiss edirdik
Bakı, 22 noyabr, AZƏRTAC
Komandada motivasiya çox yüksək idi. Çünki xalqımızın bizə göstərdiyi dəstəyi daim hiss edirdik.
AZƏRTAC xəbər verir ki, bu sözləri qadın şahmatçılardan ibarət yığmanın üzvü Gövhər Beydullayeva Monteneqroda keçirilən Avropa çempionatında qazandığı uğur barədə jurnalistlərə açıqlamasında deyib.
Günay Məmmədzadə isə ardıcıl üçüncü dəfə Vətənə medalla qayıtmağın sevindirici hal olduğunu bildirib. Komandanın növbəti hədəfinin qızıl medal qazanmaq olduğunu söyləyən şahmatçı onları dəstəkləyən hər kəsə təşəkkür edib.
Yığma üzvlərinin sonadək mübarizə apardığını vurğulayan Xanım Balacayeva isə komandanın çıxışından çox razı qaldığını deyib.
“Qazandığımız nəticə ilə lider komanda olduğumuzu bir daha sübut etdik”, - deyə Ülviyyə Fətəliyeva bildirib.
Qeyd edək ki, Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva və Xanım Balacayeva öz görüşlərini qələbə ilə başa vurublar. Birinci lövhədə çıxış edən Günay Məmmədzadə isə məğlub olub. Yekunda 3-1 hesablı qələbə qazanan Azərbaycan komandası tarixdə ilk dəfə Avropa çempionatının gümüş medalına layiq görülüb.