Azərbaycan şairinin poetik toplusu ingilis dilində çapdan çıxıb
Bakı, 18 avqust, AZƏRTAC
Azərbaycan Yazıçılar Birliyinin üzvü Arzu Kazımqızı Nehrəmlinin ingiliscə yeni kitabı çapdan çıxıb.
AZƏRTAC xəbər verir ki, “Şeirlə ört üstümü” (Cover Me with Poetry) adlanan kitaba şairin son illər qələmə aldığı 44 şeiri daxil edilib. Şeirləri ingilis dilinə filologiya üzrə fəlsəfə doktoru yazıçı Kamran Nəzirli çevirib. Kitab ingilisdilli oxucular üçün nəzərdə tutulub.
Arzu Nehrəmli müasir Azərbaycan poeziyasının istedadlı nümayəndələrindən biridir. Onun şeirlərinin əsas mövzusunu vətənə, torpağa, ana və ailəyə sevgi təşkil edir. A. Nehrəmli Naxçıvanda doğulub, “Əbədi sevgi” adlı ilk şeirlər kitabı 1997-ci ildə Bakıda nəşr olunub.
Kamran Nəzirli kitaba yazdığı “Ön söz”də qeyd edilib ki, ingilisdilli oxuculara təqdim olunan bu kitabın məqsədi Azərbaycan şairini əcnəbi oxuculara tanıtmaqdır. Kitab həm də müasir ingilis dilində oxuya bilən şeir həvəskarlarını maraqlandıra bilər. “Bu iki oxucu tipini nəzərə alaraq şairin son illər qələmə aldığı ən yaxşı şeirlərini seçərək kitaba daxil etdik. Arzu xanımın yaradıcılığında önəmli cəhətlərdən biri və mən deyərdim ki, ən əhəmiyyətlisi şeirlərin güclü və həzin lirizmində, onların çoxqatlı bədii-fəlsəfi yükündədir. Şair demək olar ki, hər bir şeirində bu xətti qorumağa çalışır və süjetlə zəngin olan mətnlərdə lakonik obrazlar qalereyası yaradır. Onun şeirlərdində kədər, ayrılıq, sevinc, ruh... sadəcə nümayiş etdirilmir, yaşanır. Onun şeirlərindəki yuxu, sevgi, yol, söyüd, məzar, payız, həsrət, ev, vətən, ana, şəhid, torpaq, ölüm, işıq və s. obrazlar universaldır, ona görə ki, müxtəlif mədəniyyətlərdə də oxşar emosional məna daşıyır, onların mətnlərdə yüksək poetik dillə təsviri təsirlidir, obrazlar sadəcə dekorasiya deyil, estetik hisslərin dilidir,”- deyə ön sözdə xüsusi qeyd edilir.
Bu məlumatlarla yanaşı, əcnəbi oxuculara Arzu Nehrəmli haqqında qısa bioqrafik məlumatlar da verilir.
Qeyd edək ki, K. Nəzirlinin “Çağdaş Azərbaycan şeiri ingilis dilində” layihəsi çərçivəsində çap olunan bu topluda Azərbaycan şairinin poetik fikirlərlə zəngin olan “Şeirlə ört üstümü” (Cover Me with Poetry), “Laylay, anam, laylay” ( Lullaby, My Mom, Lullaby), “Yuxularım çin olur” (My Dreams”re Coming True), “Səni öz yerimə özüm böyütdüm” (I Raised You in My Place), “Səninlə bütövüydüm” (I was Whole with You), “Şəhidlər” (Martyrs), “Təbrizim” (My Tabriz), “Anamın xoşuna gələn günlərdə” (On the Days My Mother was Pleased with Me), “Saçlarını yol, ay söyüd” (Weep, O Willow!), “Yarısı sənindir yazdıqlarımın” (Half of What I Write is Yours) və s. məşhur şeirləri də yer alıb.