Azərbaycan səfiri İspaniya Dövlət Radiosuna müsahibəsində Ermənistanın ölkəmizə qarşı təxribatından danışıb
Madrid, 21 iyul, AZƏRTAC
1937-ci ildə təsis olunmuş, 5 müxtəlif radio kanalı vasitəsilə dünyada geniş dinləyici kütləsinə yayımlanan İspaniya Dövlət Radiosunun “Beş qitə” verilişi canlı yayımda Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfiri Anar Məhərrəmovdan müsahibə alıb.
AZƏRTAC xəbər verir ki, müsahibə zamanı “Beş qitə” verilişinin aparıcısı xanım Mariya de Eulate səfir A.Məhərrəmova Ermənistanın təxribatçı addımlarına, bu cür hüquqazidd əməllərinə Azərbaycanın münasibəti, beynəlxalq ictimaiyyətin mövqeyi barədə suallar ünvanlayıb.
Sualları cavablandıran Anar Məhərrəmov əvvəlcə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin reallıqlarından bəhs edərək, Ermənistan tərəfindən Azərbaycan torpaqlarının 20 faizinin işğal olunduğunu, 1 milyondan çox soydaşımızın qaçqın və məcburi köçkünə çevrildiyini diqqətə çatdırıb.
Qeyd olunub ki, cari ilin 12 iyul tarixindən etibarən Ermənistan silahlı qüvvələri ağır artilleriyadan istifadə edərək Ermənistan-Azərbaycan sərhədində yerləşən Tovuz rayonu istiqamətində Azərbaycanın dövlət sərhədinin pozulmasına cəhd edərək ölkəmizə qarşı növbəti hərbi təcavüz aktı törədib.
Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi növbəti hərbi təcavüz zamanı Azərbaycanın mülki əhalisinin yaşadığı kəndlər məqsədyönlü şəkildə hədəfə alınıb, nəticədə 76 yaşlı azərbaycanlı mülki sakin Ermənistan silahlı qüvvələri tərəfindən qətlə yetirilib, yaşayış obyektlərinə ağır artilleriyadan atəş açılaraq onlara güclü xəsarət yetirilib. Ermənistanın bu təxribatı beynəlxalq hüququn hamılıqla tanınmış prinsip və normalarının, BMT Nizamnaməsinin, həmçinin beynəlxalq humanitar hüquq normalarının, müvafiq Cenevrə Konvensiyalarının müddəalarının kobud şəkildə pozulması deməkdir.
Qeyd olunub ki, Ermənistan tərəfi Azərbaycana qarşı təcavüzkar və işğalçı siyasət həyata keçirməklə, beynəlxalq hüququn hamılıqla tanınmış prinsip və normalarını, BMT Nizamnaməsini kobud şəkildə pozmaqda davam edir.
Xüsusi olaraq vurğulanıb ki, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasına dair BMT Təhlükəsizlik Şurasının qətnamələri (822, 853, 874, 884) Ermənistan tərəfindən hələ də icra edilməyib. Ermənistan tərəfinin hərbi təxribatının əsas məqsədi regionda gərginlik yaratmaq, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesini pozmaq, habelə Azərbaycan ərazilərinin işğalı ilə bağlı mövcud status-kvonu saxlamaqdır. Bu kimi cinayət əməllərini törətməklə Ermənistan tərəfi ictimaiyyətin diqqətini ölkə daxilindəki ağır sosial-iqtisadi vəziyyətdən yayındırmaq məqsədi güdür.
Səfir A.Məhərrəmov Ermənistanın bu təxribatının dünyanın bir sıra ölkələri, o cümlədən beynəlxalq və regional təşkilatlar tərəfindən kəskin şəkildə qınandığını diqqətə çatdıraraq, bu baxımdan İspaniya Krallığının hər zaman Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə dəstək ifadə etdiyini, Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini qeyd edib.
“Beş qitə” verilişinin aparıcısı xanım Mariya de Eulate səfir Anar Məhərrəmova Ermənistanın ölkəmizə qarşı hərbi təxribatı ilə bağlı ətraflı və həqiqətləri əks etdirən məlumatların İspaniyanın Dövlət Radiosu vasitəsilə ispandilli dinləyicilərə çatdırdığına görə minnətdarlığını bildirib.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid