İDMAN
Azərbaycan taekvondoçusu: Ekspertlərin icazə vermədiyi qidalardan uzaq durmalıyıq

Bakı, 23 fevral, AZƏRTAC
"İdmançılar üçün bu cür maarifləndirici konfransların təşkil olunması çox sevindirici haldır".
Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycanın qadın taekvondoçusu Fəridə Əzizova Qubada keçirilən “Olimpiya çempionluğuna doğru: təmiz idmanda milli və qlobal baxışlar” adlı beynəlxalq elmi-praktik konfransın açılış mərasimindən sonra deyib.
Dünya və Avropa çempionatlarının mükafatçısı bildirib ki, idmanla məşğul olan hər bir şəxs öz sağlamlığına diqqət yetirməlidir: "Qəbul etdiyimiz qidaların tərkibi haqqında əvvəlcədən məlumatlı olmalıyıq. Çünki bilmədən idman karyeramıza mənfi təsir göstərən məhsul istifadə etsək, sonradan fəsadlarını görə bilərik. Ekspertlərin icazə vermədiyi qidalardan uzaq durmalıyıq. Tədbirin də əsas mahiyyəti bundan ibarətdir. İdmançılara demək istəyirəm ki, ruhdan düşməsinlər, böyük nəticələr qazanmaq hər zaman mümkündür. Sadəcə, bunu sağlam bədənlə etmək daha yaxşı olar".
Qeyd edək ki, Avropanın aparıcı milli antidopinq agentliklərinin rəhbər şəxslərinin və əməkdaşlarının iştirak etdiyi konfrans Azərbaycan Milli Antidopinq Agentliyinin və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilir.