Azərbaycan Texniki Universitetində soyqırımı qurbanlarının xatirəsi yad edilmişdir
Bakı, 30 mart (AZƏRTAC). Martın 30-da Azərbaycan Texniki Universitetində (AzTU) 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anma mərasimi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
AzTU-nun rektoru, professor Havar Məmmədov bildirmişdir ki, 1918-ci ildə Bakıda və Azərbaycanın digər bölgələrində ermənilərin törətdikləri qırğınlardan 94 il ötməsinə baxmayaraq, bu vəhşiliklər xalqın qan yaddaşında əbədi iz buraxmışdır. Ötən əsrin əvvəllərindən başlayaraq ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri amansız soyqırımı və deportasiya siyasəti 1918-1920-ci illərdə xüsusən genişlənmiş və onların Azərbaycan xalqını yer üzündən tam silmək kimi iyrənc niyyətlərini bütün çılpaqlığı ilə üzə çıxarmışdır.
Rektor demişdir ki, 1918-ci il martın 30-dan aprelin 2-dək “Daşnaksutyun” Erməni İnqilabı Federasiyasının silahlı birləşmələri bolşeviklərin dəstəyi ilə Bakıda və onun ətraflarında minlərlə dinc azərbaycanlını xüsusi amansızlıqla qətlə yetirmişlər.
Qeyd olunmuşdur ki, ümummilli lider Heydər Əliyevin 27 mart 1998-ci il “31 mart Azərbaycanlıların Soyqırımı haqqında” Fərmanı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir.
Tədbirdə digər çıxış edənlər bildirmişlər ki, xalqımıza qarşı 1918-ci ildə törədilən mart soyqırımının sovet tarixşünaslığında saxtalaşdırılması və ört-basdır edilməsini təkcə tarixi bir anın unudulması kimi qəbul etmək olmaz. Tarixin hələ tam açılmamış səhifələrindən olan bu soyqırımı hadisəsi xalqımıza qarşı dəfələrlə törədilmiş kütləvi qətllərdən biri kimi qiymətləndirilməlidir.