Azərbaycan Turizm Agentlikləri Assosiasiyası ekspertlər şurası yaradıb
Bakı, 4 sentyabr, AZƏRTAC
Azərbaycan Turizm Agentlikləri Assosiasiyası tərəfindən ekspertlər şurası yaradılıb.
AZƏRTAC xəbər verir ki, assosiasiyanın tabeliyində fəaliyyət göstərəcək ekspertlər şurası Azərbaycanda gəlmə və getmə turizmində mövcud olan problemlərin araşdırılmasını həyata keçirəcək və onların həlli istiqamətində təkliflər hazırlayaraq idarə heyətinə təqdim edəcək.
Görüləcək işlərin keyfiyyətli və standartlara cavab verməsi üçün ekspertlər şurasında daxili və xarici turizm komissiyası, eyni zamanda, xarici logistika komissiyası yaradılıb.
Yaradılan komissiyalar, həmçinin ölkəmizə turist axınının artırılması, turistlərin məmnun yola salınması və turizm agentliklərinin fəaliyyətinə nəzarət etmək üçün yeni mexanizmlərinin hazırlanması istiqamətində də təkliflər hazırlayacaq.