Azərbaycan Turizm İnstitutunun nümayəndələri Türkiyədə keçirilən beynəlxalq tədbirdə iştirak etmişlər
Bakı, 9 mart (AZƏRTAC). Türkiyənin Ərzurum şəhərində Avrasiya İpək Yolu Universitetləri Konsorsiumunun (ESRUC) İcraedici Şurasının iclası keçirilmişdir.
Əsası 2010-cu ilin mayında qoyulmuş Avrasiya İpək Yolu Universitetləri Konsorsiumunun məqsədi tarixi İpək Yolu üzərində yerləşən dövlətlərdə təhsilin, mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsi və möhkəmləndirilməsinə, akademik inkişafın dəstəklənməsi ilə zəngin mədəni irsin bərpasına və qorunmasına, eləcə də bu sahədə prioritet istiqamətlərin müəyyənləşdirilməsinə kömək göstərməkdir.
Azərbaycan Turizm İnstitutundan (ATİ) AZƏRTAC-a bldirmişlər ki, ESRUC-un İcraedici Şurasına Türkiyənin Ərzurum Atatürk Universiteti, Pakistan Beynəlxalq İslam Universiteti, İtalyanın Padua Universiteti, Monqolustan Milli Universiteti, Qırğızıstan Beynəlxalq Universiteti, Putra Malayziya Universiteti və Tbilisi Dövlət Tibb Universitetinin rəhbərləri daxildirlər. Bu mötəbər qurumda Azərbaycanı ATİ-nin rektoru Cəfər Cəfərov təmsil edir.
İclası giriş sözü ilə konsorsiumun prezidenti, Atatürk Universitetinin rektoru, doktor Hikmət Koçak açmışdır. İclasda üzv ali təhsil müəssisələri arasında tələbə və müəllim mübadiləsi, ilkin mərhələdə konkret bir istiqamət üzrə tədrisin uyğunlaşdırılması, gələcəkdə konsorsiuma qoşulmaq istəyən tərəflər arasında anlaşma memorandumunun vahid forması, ESRUC üzvlərinin vahid məlumat bazasının yaradılması, Avropa İttifaqının Erasmus Mundus proqramına müvafiq əməkdaşlıq perspektivləri kimi məsələlər müzakirə edilmişdir.
C.Cəfərov iclasda səslənən fikirlərə münasibət bildirdikdən sonra müəllimlərin işə götürülməsi, ali məktəblərin kadr potensialı haqqında vahid məlumat bazasının yaradılması, birgə elanların işlənib hazırlanması, veb-səhifənin fəaliyyətinin genişləndirilməsi, Qərb ölkələrinin ali təhsil məktəblərinin təcrübəsinin öyrənilməsi məsələləri ilə bağlı təkliflərlə çıxış etmişdir.
Azərbaycan nümayəndələrinin təklifi ilə Dünya Turizm Təşkilatının İpək Yolu proqramı çərçivəsində 2012-2013-cü illər üçün müəyyən edilmiş strategiya və istiqamətlərin ESRUC-un İpək Yolu proqramı ilə əlaqələndirilməsi, xüsusilə gələcək kadrlar qismində ali təhsil müəssisələri tələbələrinin bu prosesə cəlb edilməsi, turizm üçün faydalı istiqamətlər üzrə tədqiqatların aparılması qərara alınmışdır.